Müsəlmanlar
Muhəmməd peyğəmbərin dövründə notarius

Muhəmməd peyğəmbərin dövründə notarius

Allah Rəsulunun dövründə notarius

Qurani-Kərimdə borc əlaqələrinin yazılması, haqların zay olmaması və lazım olanda sübut edilməsi üçün zəruri tədbirlərin alınması əmr olunmuşdur: «Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər ədalətli katib yazsın… iki nəfər də şahid tutun…» («Bəqərə» surəsi, 282).

Bu əmri ilk yerinə yetirən də Rəsulullah və Onun səhabələri olmuş, qarşılıqlı borc-haqq əlaqələrinin yazılması, sənədləşdirilməsi xüsusi hüquqla yanaşı, ammə (ümumi) hüquqa da şamil edilmiş, müqavilə və andlaşmalar qeyd olunmuş, bunlardan sonra notariusluq təsisatı meydana çıxmışdır.

Hz.Peyğəmbərin dövründə borc alıb-vermək və oxşar hüquqi sənədlərin yazılması ilə əlaqəli nümunələrdən günümüzə qədər gəlib çatanları mövcuddur. Bunlardan birini bizə Buxari nəql edir: Rəsulullah (s) əl-Adda b. Xaliddən bir qul almış və satış sənədi hazırlatdıraraq bunları yazdırmışdır:

«Bu Rəsulullah Muhəmmədin əl-Addadan aldığıdır, müsəlmanın müsəlmana satışıdır. Alınanda (qulda) heç bir xəstəlik, mənfilik yoxdur və əvvəllər cinayət törətməyib». ((Buxari, «Sehr», 19.))

Bu satışın mövzusu quldu. Rəsulullah (s) ona hədiyyə edilən qulu həmişə azad etdiyinə görə, O, bunu da azad etmək məqsədilə almışdır. Qul mühüm bir müqavilə mövzusu olduğu üçün haqq iddiaları və s. ola biləcəyi məqsədi ilə əqd (müqavilə) yazı ilə müəyyən edilmiş və satış mövzusunun xüsusiyyətləri qeyd edilmişdir. Beləliklə, günümüzdə daşınmaz əmlakın, minik vasitələrinin və s. satışında qanuni şərt halına gələn sənədləşməyə işıq tutmuşdur.

Həzrəti Ömərə Xeybər qənimətlərindən bir xurmalıq qalmışdı. Rəsulullahla məsləhətləşmədən sonra bu torpağı vəqf halına gətirmişdi. ((Buxari, «Şurut», 19; «Vəsaya», 22, 28.)) Bu vəqfin sənədləşdirildiyini və zərurət olduğu halda, vəqf sənədinin təkrar yazıldığını aşağıdakı hadisədən başa düşürük:

Yəhya b. Səid Hz.Ömərin nəvəsi Əbdulhəmid b. Abdullahın ona bunları yazdırdığını rəvayət edir: «Bismillahir Rəhmanir Rahim, bu, Allahın qulu Ömərin Səmğ adlandırılan xurmalığı haqqında yazdırdığı sənəddir. (Sənəddə dərc edilən şərt budur:) Torpağın əsli satılmayacaq, bağışlanmayacaq, varislərə keçməyəcəkdir. Bundan istifadə haqqı kasıblara, qohumlara, qullara, Allah yolunda olanlara, yolda qalanlara aiddir. Vəqfi idarə edənlərin adi qaydalar daxilində buradan yeməsi və başqasına ehsan verməsi sərbəstdir, ancaq mal yığması halal deyil. Məhsuldan artıq qalan yoxsula veriləcəkdir. Səmği idarə edən şəxs istəsə, məhsulu sataraq burada işlətmək məqsədi ilə qul ala bilər».

Bunu Muayqib yazıb və Abdullah b. əl-Ərkam da şahidlik etmişdir. Abdullahın vəfatı yaxınlaşanda Hz.Ömərin bu mənadakı vəsiyyətini də sənədə əlavə etmişdir: Yaşadığı müddət ərzində Səmğə Həfsə rəhbərlik edəcək, ondan sonra da yenə onun ailəsindəki ağlı başında olanlar vəqfi idarə edəcəklər». ((Əbu Davud, «Vəsaya», 13; Hacəvi, c. 1, s. 211 və digərləri.))

MƏNBƏ: “Oxu” qəzeti, nömrə 054, 15 aprel15 may 2012, s. 24-25.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.