Müsəlmanlar
Kişi həyat yoldaşı namizədini görə bilər?

Kişi həyat yoldaşı namizədini görə bilər?

Sual: İslam dininə əsasən ailə qurmaq istəyən bir kişi necə deyərlər, gələcək arvadını görə bilər? Bununla əlaqədar hansı hökmlər var? Peyğəmbərin dövründə necə olub?

Cavab: Bəli, kişi almaq istədiyi qadını müəyyən şərtlər daxilində görə bilər. Kişinin alacağı qadını görməyini məsləhət görən çoxlu peyğəmbər hədisi var. Gəlin, onlardan bəzilərinə nəzər salaq:

Evlənmək məqsədi ilə baxmaq günah deyil

Bir hədisdə belə deyilir:

اِذَا ألْقَى الله فِي قَلْبِ امْرئِ خِطْبَةَ امْرَأةٍ فَلا بَأسَ أنْ يَنْظُرَ اِلَيْهَا

“Allah bir müsəlmanın könlünə bir qadınla evlənmək arzusunu saldığı vaxt onun həmin qadına baxıb nəzərdən keçirməyində bir günah yoxdur.” ((İbn Macə, Nikah, 9, hədis nömrəsi 1864.))

Muğirə ibn Şöbə (r. a.) nəql edir:

Mən Allahın elçisinin yanına gedib evlənmək istədiyim qadından danışdım. O, mənə belə dedi:

“Get, ona yaxşı-yaxşı bax. Nəzərdən keçir. Çünki görüb almaq sizin bir-birinizə isinişməyiniz baxımından daha təsirli olar.”

Mən də Ənsardan olan həmin qadının evinə getdim və ona həzrəti peyğəmbərin görüb nəzərdən keçirməklə əlaqədar buyuruğunu izah etdim. Onu ata-anasından istədim. Peyğəmbərin alınan qızı görməklə əlaqədar tapşırığı sanki onların ürəyinə yatmadı. Bu dəm olduğu yerdə bizim danışığımızı eşidən qız yaranan bu vəziyyəti qəribə qarşılamış kimi mənə müraciətlə belə dedi:

– Əgər Allahın elçisi mənə baxmağını deyibsə, buyur, bax. Ancaq onun elə bir tapşırığı yoxdursa, Allah xatirinə belə bir şey tələb etmə!

Özü ilə əlaqədar bu rəvayəti nəql edən Muğirə sözlərinə belə davam etdi:

– Onu görüb bəyəndim və evləndim.

Muğirə evləndiyi bu qadının münasib bir həyat yoldaşı olduğunu da qeyd etdi. ((İbn Macə, Nikah, 9, hədis nömrəsi 1866.))

Bu hədislərdən belə məlum olur ki, görüb nəzərdən keçirməklə əlaqədar icazə özü ciddi olan və ciddi kimi qəbul olunan kişiyə-oğlana verilən bir haqq-hüquqdur. Bu hüquqdan sui-istifadə yolverilməzdir. Yəni, kişi-oğlan qızın özü və ya valideyni tərəfindən qəbul edilməyəcəyini başa düşdüyü vaxt qızın fiziki xüsusiyyətlərinə alıcı gözü ilə baxmamalı və belə bir şey tələb etməməlidir. Çünki seksual həzz məqsədilə baxmaq halal deyil.

Qeyd edək ki, evlənməyə namizəd olan qadını görməklə əlaqədar bu və oxşar hədisləri hazırkı dövrün rabitə vasitələrini deyil, İslam dininin yarandığı ilk dövrün ictimai həyat qayda-qanunlarını nəzərə alıb qiymətləndirmək lazımdır.

Sualınızla əlaqədar olaraq aşağıdakı keçidə də nəzər salın:

http://www.muselmanlar.com/fitvalar/701.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.