Sual: Kişilər qızıldan düzəldilmiş üzük taxa bilərlər? Son illərdə bu cür şeylərlə tez-tez qarşılaşırıq. Bir də görürsən ki, cavan oğlan və ya orta (hətta qoca!) yaşlı bir kişinin barmağında yekə bir qızıl üzük var. Təəssüf ki, onların bəzilərində bu kimi şeylərlə fəxr etmək meyli də müşahidə olunur. Cəmiyyətdə də bəzi insanlar elə hesab edirlər ki, barmağında böyük bir üzüyü olan kişi “ağır kişidir”; varlı-hallı və sözüötəndir. Xahiş edirəm deyin, bu məsələ İslamda necə qiymətləndirilir?
Cavab: Hər şeydən əvvəl qeyd edək ki, İslam dini insanın xasiyyət və təbiətini nəzərə almış və ictimai nizam-intizama xələl gətirən, eləcə də, insanlararası münasibətləri korlayan əməlləri qadağan etmişdir. Qızıl-zinət əşyaları və geyim-kecimlə lovğalanmaq və israfçılıq kimi hallar da bu dinə əsasən qadağandır. İslam dinində bu məsələlərə dair müəyyən qayda və şərtlər var.
Odur ki, kişilər üçün qızıl üzük məsələsi də bu mənada qiymətləndirilməlidir. Həzrəti Muhəmməd (s. a. v.) insanların xudpəsəndlik, israf, təkəbbür və bir-birinə qarşı öyünmək kimi meyllərinin qarşısını almaq məqsədilə qızıl və gümüş qablarda yemək-içməyi qadağan edib. Onun hədislərindən birində belə deyilir:
“Ey əshabələrim! Hərir və dibac adları ilə məlum olan ipəkli parçalardan emal olunan paltarlar geyməyin. Qızıl və gümüş qablarda su da içməyin. Belə qablarda xörək də yeməyin.”
Qızıl üzüyə gəldikdə bu məsələdə alimlərin əksəriyyətinin fikri belədir: Kişilərə qızıl üzük taxmaq qadağandır. Onlar bu fikirlərini Bəra b. Azibdən gələn bir hədislə əsaslandırırlar. Həmin hədisdə də yuxarıda qadağan olunan şeylər qadağan olunur.
Müsəlman kişilərin qızıl üzük taxmağını mümkün (caiz) hesab edən alimlər də var. Amma onlar azlıq təşkil edirlər.
Gümüş üzük haqqında isə İslam hüququnda: “Müəyyən bir ağırlığı keçməmək şərti ilə taxmaq olar”, – deyə, hökm verilir. Əlavə olaraq, müsəlman kişilərin barmaqlarına gümüş üzük taxmaqları müstəhəb (sünnə) hesab olunur. Çünki həzrəti Muhəmməd (s. a. v.) də barmağında gümüş üzük daşıyıb.
Nəticə olaraq, peyğəmbərimizdən gələn buyuruqlara əsasən kişilərin qızıl üzük vurmaqları düzgün deyil. Qadınlar üçün isə belə bir qadağa yoxdur.
QEYD: Cavab hazırlandığı vaxt İbrahim Kafi Dönməzin rəhbərlik etdiyi heyət tərəfindən hazırlanan “İslamda inanc, ibadət və gündəlik yaşayış ensiklopediyası”ndan istifadə edilmişdir.
Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidlərə də baxın:
http://www.muselmanlar.com/fitvalar/3130.html
http://www.muselmanlar.com/fitvalar/2945.html
http://www.muselmanlar.com/fitvalar/2278.html
http://www.muselmanlar.com/fitvalar/3222.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.