Sual: Hüsni-zənn nə deməkdir? Bu barədə Quran və hədislərdə nəsə var?
Cavab: Hüsni-zənn bir əxlaq termini kimi dini ədəbiyyatda aşağıdakı mənada işlədilir:
Bir şəxsin qəti məlumatı olmamağına baxmayaraq başqaları haqqında müsbət fikirli olması, onların yaxşı insanlar olduğunu fikirləşməyi.
İslam əxlaqına əsasən hüsni-zənn etmək gözəl bir əməl kimi qəbul olunur. Onun ziddi olan və insanlar barədə pis fikirləşmək, mənfi münasibətdə olmaq mənasını daşıyan sui-zənn isə pis bir xasiyyət hesab edilir.
Bu iki termin Quranda qeyd olunmasa da, dəqiq və qəti məlumata malik olmadan başqaları haqqında pis fikirləşməyin düzgün olmadığına işarə vuran peyğəmbər hədisləri var. Əlavə olaraq, bir sıra təfsir alimi belə hesab edir ki, Quranın Hucurat surəsinin 12-ci ayəsində sui-zənn qadağan olunub:
“Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”
Alimlərin əksəriyyətinin fikrincə yuxarıdakı ayəyə əsasən müsəlman bir insan başqalarının haqqında hüsni-zənn etməlidir. Həqiqətən də, ayədəki hökmlər bunu ifadə edir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.