Sual: Ölüm mələyi kimi qəbul olunan Əzrayılın adı Quran və hədislərdə çəkilir?
Cavab: Xeyr, Quran və hədislərdə Əzrail sözü yoxdur. Çox güman ki, bu söz İbrani mənşəlidir. İslam dini ədəbiyyatına da oradan daxil olub.
Yeri gəlmişkən, bu məsələyə dair ətraflı məlumat üçün Türkiyə diyanət vəqfi tərəfindən nəşr edilən İslam ensiklopediyasına ((4-cü cild, s. 350-351. Bu mənbə BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında və AMEA-nın mərkəzi elmi kitabxanasının şərq zalında mövcuddur.)) müraciət edə bilərsiniz.
Quranda canları alan mələk haqqında mələku-l-məut (ölüm mələyi) deyilir və belə çıxır ki, ölüm mələyi tək deyil.
Həmin ayələr aşağıdakı kimidir:
“De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!” (Səcdə, 32/11)
“O, qullarının üstündə tamamilə hakimdir. O, sizə gözətçilər göndərir. Nəhayət sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz heç bir səhvə yol vermədən onun canını alırlar.” (Ənam, 6/61)
Hədislərdə də belədir; mələku-l-məut ifadəsi işlədilir. ((Baxın: Buxari, Cənaiz, 69; Ənbiya, 31; Müslim, Fəzail, 157-158; Tirmizi, Təfsir, 7; İbn Macə, Cihad, 10.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.