Müsəlmanlar
Vərəsəyə dair hökmlər nəyə görə müxtəlif ayələrdə verilib?

Vərəsəyə dair hökmlər nəyə görə müxtəlif ayələrdə verilib?

Sual: Allah Quranın Bəqərə surəsinin 180-ci ayəsində vacib etdiyi mirası bölüşdürmək məsələsini nə üçün Nisa surəsinin 11-12-ci ayələrində izah edir? Bu məsələ ilə əlaqədar hökmlər nəyə görə birlikdə deyil, müxtəlif ayələrdə verilib?

Cavab: Quran bir fizika, hüquq və ya riyaziyyat kitabı kimi ayrı-ayrı mövzulara ayrılmayıb. Əgər belə olsaydı, Quran ancaq sayları məhdud olan bir neçə mövzuya toxunardı. Halbuki o, hər şeyi izah edən bir kitabdır. Allah bununla əlaqədar olaraq belə buyurur:

“Biz bu kitabı sənə nazil etdik ki, hər şeyi izah etsin, düzgün yolu göstərsin, ona tabe olanlara bir lütf və müjdə olsun.” (Nəhl, 16/89)

Quranın hər şeyi izah etməyinin müəyyən bir metodu var. Gəlin, aşağıdakı ayələrə nəzər salaq:

“Əlif, lam, mim. Bu elə bir kitabdır ki, ayələri möhkəm edilmiş, sonra hikmət sahibi olan və hər şeyin əslini bilən Allah tərəfindən izah edilmişdir.” (Hud, 11/1)

“Allah sözün ən gözəlini mütəşabih məsani bir kitab olaraq nazil etmişdir.” (Zumər, 39/23)

Mütəşabih sözü iki şey arasındakı oxşarlığı ifadə edir. İkiliklər olaraq tərcümə edilən مثاني (məsani) sözü Ərəb dilində ikilik məfhumunu bildirən مثنى sözünün cəm formasıdır. Bu isə bir ayənin bir neçə ayə ilə bənzərlik daşıdığını və qarşılıqlı əlaqədə olduğunu göstərir. Bu əlaqə onları izah etməyə imkan yaradır.

Miras məsələsi ilə əlaqədar ayələr də belədir. Belə ki, Bəqərə surəsinin 180-ci ayəsində mirasın paylanması tapşırığı cəmiyyətə, yəni, müsəlmanlara verilib. Biz bunu: “Sizə vacib edildi, yazıldı – كتب عليكم”, – ifadəsindən başa düşürük. Mərufa müvafiq olaraq – بالمعروف ifadəsindən də bunun “müəyyən paylar” olduğunu başa düşmək olur. Həmin hissələrin dəyişməyən hissələr olduğunu isə Nisa surəsinin 11 və Bəqərə surəsinin 181-ci ayələri açıqca izah edir.

Miras hökmləri Quranın Bəqərə (180) və Nisa (7, 11, 12 və 176) surələrində birbaşa mövcud olduğu kimi, öz əksini Ənfal surəsinin 75-ci ayəsi kimi bəzi ayələrdə də dolaylı formada tapır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.