Sual: Yəhudi dinindəki 10 əmr nə deməkdir?
Cavab: “10 əmr” ifadəsi yəhudi əqidəsinə əsasən Rəbbin məhz öz əlləri ilə daş lövhələrin üstündə yazdığı və həzrəti Musanın vasitəsilə İsrail oğullarına bildirdiyi bir sıra qadağaları bildirir.
Əhdi-ətiq kitabında qeyd olunduğuna görə bu 10 əmr birbaşa Rəbb tərəfindən 2 daş lövhəyə yazılıb və həzrəti Musaya Sina dağında verilib. Lakin İsrail övladları qızıldan bir buzov düzəldib ona sitayiş ediblər. Həzrəti Musa onların bu hərəkətinə qəzəblənmiş, buzov heykəlini sındırıb dağıtmışdır. Bunun üstündən həmin əmrlər təzədən yazılıb və bir sandığın içinə qoyulub. ((Ətraflı məlumat üçün baxın: Tövrat, Təsniyə, 10:1-5.))
Haqqında danışılan 10 əmr Tövratda 2 ayrı formada qeyd edilib. Bu da onu göstərir ki, mətn redaktə edilib. Bu əmrlər aşağıdakılardır:
1) Səni Misir ölkəsindən çıxardan Allahın Yehova mənəm. Mənim qabağımda sənin başqa tanrıların olmayacaq.
2) Özün üçün büt düzəltməyəcəksən. Onlara sitayiş etməyəcəksən.
3) Allahın olan Rəbbin adını nahaq yerə ağzına almayacaqsan.
4) 7-ci gün Səbt (Şənbə) günüdür. O gün heç bir iş görməyəcəksən (Şənbə günü qadağası).
5) Ata-anana hörmət et.
6) Adam öldürmək olmaz.
7) Zina etmək olmaz.
8) Oğurluq etmək olmaz.
9) Qonşuya qarşı yalandan şahidlik etmək olmaz.
10) Qonşunun heç bir şeyinə göz dikmək olmaz.
Tövratdakı ((Çıxış, 10/1-17; Təsniyə, 5/6-21.)) 10 əmrin təkcə biri digər ilahi dinlərdə yoxdur. Bu da Şənbə günü qadağasıdır. Bu barədə aşağıdakı keçiddən məlumat ala bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/2048.html
Yerdə qalan 9 əmr bütün ilahi dinlərdə var. Alimlər aşağıdakı Quran ayəsinin də 10 əmrdən 9-unu göstərdiyini bildirirlər:
“Biz Musaya doqquz aşkar möcüzə verdik. İsrail oğullarından soruş; (Musa )onların yanına gəldikdə Firon ona: “Ey Musa! Mən sənin ovsunlandığını zənn edirəm”– demişdi.” (İsra, 17/101)
Şənbə günü qadağasına gəldikdə, bu, təkcə yəhudilər üçündür:
“Şənbə günü ancaq o günün barəsində ixtilafa düşənlərə vacib edildi. Şübhəsiz ki, Rəbbin Qiyamət günü, ixtilafa düşdükləri şey barəsində onların arasında hökm verəcəkdir.” (Nəhl, 16/124)
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.