Müsəlmanlar

«Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri

«Həzrət», «həzrəti» və ya «həzrətləri» sözlərinin mənası


“Həzrət” sözü Ərəb dilindəki «hadara – حضر» feilindən törəmiş bir kəlmədir. «Bir yerdə olmaq, gəlmək, iştirak etmək, yaxında-yanında-qarşıda olmaq, hazır olmaq» mənalarına gəlir. Dilimizdəki “hazır” sözü də buradan gəlir. Dini termin olaraq “həzrət” sözünü ilk dəfə təsəvvuf əhli (sufilər) istifadə etməyə başlayıblar.

Belə ki, Allahın sifətlərinin zühuru, təcəllisi (üzə çıxması, əlamətlərinin görsənməsi) haqqında bu kəlimə (həzrət) işlədilib.

Sufilərin aləmlərin meydana gəlməsi nəzəriyyəsini açıqladığına görə varlıqlar Allahdan zühur etməklə Ondan dərəcə-dərəcə uzaqlaşaraq aşağıya doğru enirlər. Bunu “tənəzzülat” adlandırırlar. Allaha yüksəlmək istəyən bir yolçu (salik) eyni yolla bu tənəzzülatı mərtəbə-mərtəbə qalxmaq məcburiyyətindədir. Bu çıxışlara da həzrətlər (həzərat) deyilir. Bu yolçulara isə həzrət deyilir. Çünki həzrət hər ayaq basdığı pilləkəndə hazır vəziyyətdə olur, altdakı bir mərtəbə uzaqda, hədəfə də yaxınlaşmış olur.

Bilinməyən şeylərin bilinməsi, görünməyən şeylərin görünməsi, bir sözlə, bu vaxta qədər gizli qeyb olan şeylərin hazır hala gəldiyi bu mərətbələrə də «həzrət» deyilib. Sufilərə görə bir yolçu bu həzrətlərdən (mərtəbələrdən) nə qədər çox qət edərsə, o qədər yüksəlir, müqəddəsləşir. Bu səbəbdən sufilər də vəli və şeyx hesab etdiklərinin adlarından əvvəl «həzrət» sözü işlədiblər. Məsələn, Həzrəti Mövlanə, Həzrəti Abdulqadir və s. Bunlara həzrət deyilməsində məqsəd bir çox məqamı (həzrətləri) ən yüksək həzrətə, Allahın hüzuruna və müqəddəslik qazanan şəxsiyyət olmasında olduğuna inanırlar.

Yenə Şimali Afrika sufi təriqətləri arasında zikir məclislərinə də “hazra” adı verilir. Bunun səbəbi qulun bu kimi zikir məclislərində ən ülvi hallar içində ən müqəddəs məqama (ilahi hüzura) çıxdığına inanması dayanır.

Sonralar təsəvvufçülərdən olan Muhyiddin əl-Ərəbinin ortaya qoyduğu «həzrət teoriyası» yavaş-yavaş təsəvvuf termini olmağı aşaraq siyasi və dinin digər sahələrini də geniş təsir edib. Nəticədə bu termin (həzrət) sufi olmayan din və siyasi dövlət xadimləri haqqında da işlədilib. Həmçinin bu söz geniş vüsət alaraq Ərəb dilindən başqa Fars və Türk dillərində də yayılıb. Bu termin daha sonralar peyğəmbərlər (həzrəti Nuh), səhabələr (həzrəti Osman), mələklər (həzrəti Cəbrayıl), həmçinin dövlət başçıları, siyasi xadimlər haqqında da cənabla bərabər işlədilir. Amma ərəblərdə həzrət yerinə əsasən “seyyid” sözü işlənir (seyyidinə Nuh, seyyidinə Osman kimi).

MÜƏLLİF: İlham Rüstəmov

MƏNBƏ: http://www.din.az/modules/news/article_storyid_117.html

TARİX: 08 mart 2012-ci il.

QEYD: Mətndə kiçik dəyişikliklər edilib.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.