Müsəlmanlar
Piramida və şəbəkə marketinqi

Piramida və şəbəkə marketinqi

Piramida və şəbəkə marketinqi

Uca Allah buyurur: “…Bir-birinizin mallarını haqsız bəhanələrlə yeməyin” («Nisə» surəsi, 4/29).

“Biznes” və “Hibbət-əl-Cəzira” kimi piramida marketinq sistemini tətbiq edən şirkətlərin iş prinsipini qısaca olaraq belə ifadə etmək olar:

Malı alması üçün bir kəsi buna inandırmaq lazım gəlir. Həmin şəxs isə digər birini buna inandırır və beləliklə, şəbəkəyə qoşulan nəfərlər də öz növbəsində digərlərini inandırılar və beləcə silsilə şəklində davam edir. Şəbəkəyə qoşulan nəfərlərin sayı nə qədər çox olarsa, birinci şəxs bir o qədər çox mükafat çeki qazanır, bunların məbləği minlərlə manata (yaxud digər pul vahidinə) çatır. Şəbəkəyə qoşulan hər iştirakçı, öz dəstəsinin siyahısına yeni üzvlər qoşmaqda müvəffəq olursa və iri məbləğdə mükafat çekləri qazanacağı qarşılığında, digər insanları bu məqsədlə bu şəbəkəyə qoşulmağa inandırmağa çalışır. Bu fəaliyyət növü “piramida marketinq”, yaxud “şəbəkə marketinq”adlanır.

İslam dinində isə bu cür sövdələşmə haramdır. Çünki bu sövdələşmədən məqsəd həqiqətdə malı almaq deyil, mükafat çeki (pul) qazanmaqdır. Bu mükafat çekinin məbləği on minlərə çata bilər, bununla yanaşı malın qiyməti isə bir neçə yüz pul vahidindən çox deyil. Bu ikisi (mal ilə pul) arasında seçim etməsi istənilən ağıllı kəs əlbəttə ki, mükafat çekinə üstünlük verər. Odur ki, bu şirkətlər öz məhsulunun marketinqinə və reklamına güvənirlər. Reklam və marketinqdə isə bu işə qoşulacaq şəxsin qazana biləcəyi mükafat çekinin nəhəng məbləğini vurğulayır, ön plana çıxarır və kiçik məbləğ qarşılığında, yəni malın qiymətini ödəməklə, böyük miqdarda gəlir əldə etməyə təşviq edir, maraq oyadırlar. Bu şirkətlərin bazarlıq etdiyi mal sadəcə bir “pərdədir” və ya bu mükafat çekləri və gəlirləri qazanmaq üçün bundan vasitə kimi istifadə edilir. Çünki burada elə əsas məsələ əslində “mükafat çeki” ətrafında dövr edir və bir neçə səbəbdən bu cür sövdə şəriətdə haramdır:

1. Bu cür sövdələşmə növündə ribanın iki növü var: Riba əl-fadl (eyni cins, növdən, lakin müxtəlif miqdarda olan malların dəyişdirilməsi) və riba ən-nasiəh (dərhal ödənilən məbləğdən fərqli olaraq, böyük miqdarda məbləğin möhlətlə ödənişi). Şəbəkəyə qoşulan kəs çoxlu pul qazanmaq üçün cüzi miqdarda pul ödəyir, digər sözlə müxtəlif məbləğ və möhlətli ödəniş ilə pul alış-verişi edir. Bu ribanın bir növüdür, şəriət mətnləri və elm əhlinin yekdil rəyinə görə haramdır. Şirkətin vasitəçiyə (komissionerə) satdığı mal bu sövdələşmə üçün sadəcə bir pərdə rolunu oynayır: şəbəkəyə qoşulanın istədiyi, tələb etdiyi bu deyil və hökmdə heç bir dəyişiklik etmir.

2. Bu cür sövdələşmə bir növ ğarardır (qeyri-məlum, aydın olmayan bir sövdələşmə). Bu da şəriətdə qadağandır. Çünki sistemə qoşulan şəxs hələ tələb olunan sayda alıcılar tapmağa müvəffəq olub-olmayacağını da bilmir. Piramida, yaxud şəbəkə marketinqinin nə qədər davam etməsindən asılı olmayaraq, əlbəttə ki, bunun bir sonu var və kimsə piramida şəbəkəsinə qoşulduqda hələ o bilmir ki, rəhbər səviyyəyə yüksəlməyə nail olub gəlir əldə edəcək, yoxsa aşağı səviyyədə qalıb zərər edəcəkdir. Məsələnin həqiqəti budur ki, piramida şəbəkəsinin üzvlərinin əksəriyyəti ziyana uğrayırlar, yalnız (maliyyə piramidasının ən üstündə duran insanlar) rəhbər işçilərin bir neçəsi bundan qazanc əldə edir. Deməli əsas etibarilə ziyan olur ki, bu da bütün qeyri-məlum sövdələşmələr üçün səciyyəvi xarakter daşıyır. İki şeydən biri baş verə bilər və adətən ən çox qorxulan da bunlardan biridir.

Peyğəmbər (s) qeyri-məlum sövdələşmələri qadağan edib. Bu barədə Muslimin “Səhih”ində rəvayət olunur.

3. Bu cür sövdələşmələrdə insanların malları haram, fırıldaq yolla yeyilir. Çünki bu cür müqavilələr yalnız şirkətlərə və digər insanları şəbəkəyə qoşulmaqla aldatmaq üçün bu məqsədlə cəlb olunan şirkətin təşviq etdiyi bəzi iştirakçılarına fayda verir. Məhz Quranda qadağan olunan da budur. Uca Allah buyurur: “…Bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin” («Nisə» surəsi, 4/29).

4. Bu cür sövdədə yalan, aldatma və insanlara kələk gəlmək, sövdələşmədən məqsədin sanki məhsul olduğu kimi təsəvvür yaratmaq üçün məhsulu göstərməklə (gözdən pərdə asmaq) var, halbuki əslində bu sövdələşmədə məqsəd məhsulun satışı deyil, qazanc əldə etməkdir və insanların adi halda qazana bilmədikləri nəhəng məbləğdə mükafat çeki əldə edəcəkləri ideyasını qəbul etməyə onları tamahlandırmaq, bu cür etməklə onları buna cəlb etmək məsələsi var. Bu, şəriətdə qadağan olunan bir məsələdir və aldatmağın növlərindən biridir. Peyğəmbər (s) buyurub: “Bizi aldadan bizdən deyil.” Muslim bu hədisi özünün “Səhih” əsərində rəvayət edir. Həmçinin Peyğəmbər (s) belə buyurub: “Alış-veriş edən iki tərəf bir-birindən ayrılmadıqca ixtiyar sahibidirlər. Əgər onlar alış-verişlərində səmimi və açıq olsalar, onların alış verişi bərəkətli olar, lakin yalan danışıb hər hansı bir şeyi gizli saxlasalar, onların alış-verişinin bərəkəti gedər”. Hədis barədə ittifaq edilib.

Bu növ sövdənin brokerlik (dəllallıq, vasitəçilik) olduğu rəyinə gəldikdə, bu doğru deyil. Brokerlik elə bir sövdə növüdür ki, burada broker satdığı malın əvəzində ödəniş alır, halbuki şəbəkə marketinqində iştirakçı malın bazarılğını (marketinqini) etmək, satmaq üçün pul ödəyir. Brokerlik malın həqiqi mənada marketinqi deməkdir, şəbəkə marketinqi isə bundan fərqlidir, burada əsas məqsəd sövdənin, əqdin marketinqidir, malın marketinqi deyil. Odur ki, iştirakçılar digərlərinə malı təklif edir (satır), onlar da öz növbəsində digərlərinə təklif edir və bu minvalla zəncirvari davam edir. Brokerlik bundan fərqlidir, burada broker malı həqiqətən də bu malı istəyən kəslərə satır. Bu ikisi arasında fərq olduqca aydındır.

Bu cür sövdələşməyin bir növ hədiyyə olması yanaşmasına gəldikdə, bu da yanlışdır. Hətta biz bunun doğru olduğunu qəbul etsək belə, şəriətə görə heç də hər bir hədiyyə halal sayılmır. Borc qarşılığında verilən hədiyyə ribadır. Elə buna görədir ki, Abdullah ibn Salam, Əbu Burdaya (r) belə demişdi: “Sən elə bir diyarda yaşayırsan ki, onların (camaatı) arasında riba geniş yayılıb. Əgər sənin kiminsə üzərində bir haqqın varsa və o sənə bir yük ot, yaxud bir yük arpa və ya yem verirsə, bu ribadır. Buxari bu hədisi özünün “Səhih” əsərində rəvayət edir.

Hədiyyələr verildiyi səbəblərə görə hökmə tabe tutulur. Ona görə də, Peyğəmbərin yanına gəlib (s) “Bu sənin payın, bu da mənə verilən hədiyyə” söyləyən zəkat toplayan barədə belə buyurub: “Yaxşı, əgər sən atanın və ananın evində otursaydın, görək sənə hədyyə verəcəkdilərmi?».

Bu mükafat çekləri yalnız ona görə ödənilir ki, şəbəkə marketinq sxeminə qoşulsunlar. Fərqi yoxdur, onlar bunu necə adlandırır. İstər hədiyyə adlandırsınlar, istəsə də digər bir ad versinlər. Bu adlar onun xarakterini, mahiyyətini, yaxud onlar barədə hökmü az da olsa dəyişmir.

Qeyd etmək yerinə düşər ki, bazarda ortaya çıxan bəzi şirkətlər var ki, onlar şəbəkə marketinqi, yaxud piramida marketinqinin iş prinsipləri əsasında fəaliyyət göstərirlər. Bu şirkətlər barədə hökm yuxarıda adı çəkilən şirkətlər barədəki hökmdən, onların təklilf etdikləri mallar müxtəlif olsa belə, fərqli deyil.

Qeyd: Riba al-nasiah-kəliməsinin mənası təxirə salmaq, gecikdirmək və yaxud gözləmk deməkdir. Bu zaman borc götürənə vaxt verilir ki, borcunu təkrar ödəsin, lakin qarşılığında əlavə versin. Bu ribadır və haramdır.

Fətvalar və Elmi Tədqiqatlar üzrə Daimi Heyət, Fətva № 22935, 14/03/1425-ci il (hicri təqvim).

MƏNBƏ: http://www.islam.com.az/modules/news/article.php?storyid=1132 (24.02.2012)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.