Müsəlmanlar

Nəbi (peyğəmbər) və rəsul (elçi) məfhumlarının izahı

Sual: Əgər rəsul ənənəvi formada tərif edildiyi kimi “kitab verilən peyğəmbər”dirsə, Quranın Həcc surəsinin 75-ci ayəsinə əsasən mələklərdən də peyğəmbərlər olub? Əgər belə deyilsə, yəni, təkcə “elçi” mənası verirsə, deməli, İbrahim surəsinin 4-cü və Nəhl surəsinin 36-cı ayəsindəki rəsullar hər qövmdə var. Belə olan halda, nəbi və rəsul sözlərinin fərqi nədir?

Cavab: Quranda rəsul sözü mələklər haqda da işlədilir. Belə ki, Həcc surəsinin 75-ci ayəsində mələklərdən danışılır. Misal üçün, Cəbrayıl bir mələkdir və Quranın birçox yerində rəsul (yəni, nəbilərə vəhy gətirən elçi) mənasında işlədilir. Rəsul sözü insanlar haqqında işlədildikdə isə aşağıdakı mənaları verir:

1) Bir insanın digərinə göndərdiyi elçi (risalətlə əlaqədar deyil): Yusuf, 12/50; Nəml, 27/35.

2) Bir nəbinin risalətini – kitabını təbliğ edən, lakin nəbi olmayan şəxs: Yasin, 36/13-17; Şuəra, 26/105.

3) Nəbi (peyğəmbər) olan şəxs: Nisa, 4/163-165.

İbrahim surəsindəki rəsul ifadəsi ilə bir nəbiyə endirilmiş kitabın hökmlərini başqalarına təbliğ edib çatdıran, ancaq nəbi olmayan insanlar nəzərdə tutulur. Misal üçün, biz azərbaycanlılara bir nəbi gəlməyib. Bununla belə, rəsulların vasitəsilə Qurandan xəbər tutmuşuq. Rəsul sözünün bu mənada işlədilməsi rəsul göndərilmədiyi müddət ərzində məsuliyyət olmadığına (İsra, 17/15), eyni zamanda hər qövmə öz dili ilə rəsul göndərilməsinə (Nəhl, 16/36; İbrahim, 14/4) də müvafiqdir. Bu, peyğəmbərliyin həzrəti Muhəmməd (s. a. v.) ilə başa çatmağına baxmayaraq müvafiq ayədə (Əhzab, 33/40) rəsulluğa dair belə bir şərtin olmamasına da uyğundur.

Quranda رَسُولاً نَّبِيّاً birləşməsi olmağına (Məryəm, 19/51; Əraf, 7/157) baxmayaraq نبيا رسولا ifadəsinin işlədilməməsi də bu fikri qüvvətləndirir. Elə isə biz belə deyə bilərik:

Hər nəbi rəsuldur. Amma hər rəsul nəbi deyil.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.