Müsəlmanlar

İslam dininə əsasən həyat yoldaşı ilə cinsi əlaqəyə də savab verilir?

Sual: Məni bir məsələ maraqlandırır. İslam dininə əsasən kişiyə öz xanımı ilə cinsi yaxınlıq etməyinə görə savab verilir? Bu barədə hədis varmı?

Cavab: Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazını oxumağınızı tövsiyə edirik:

Övlad sahibi olmaq üçün cinsi əlaqədə olmağa da savab yazılır ((MƏNBƏ: Ali Rza Demircan, İslama əsasən seksual həyat, Azərbaycan dilinə çevirib uyğunlaşdıran Fəqani Bəylərov (fəlsəfə doktoru: fəlsəfə və ilahiyyat elmləri).))

Allah ilk insanı torpaqdan yaradıb. Onun çoxalmağını diləyib. Onu elə yaradıb ki, nəslinin çoxalmağı cinsi əlaqədə olmaqdan asılıdır. Dua edən bir övladı olmaq məqsədilə həyat yoldaşı ilə cinsi əlaqədə olmaq Allahın ehsanını (yaxşılıq) istəmək deməkdir. Bu ehsana məhz Onun məqbul hesab etdiyi yolla nail olmağa çalışmaq da Allahın razılığını qazanmaq deməkdir. Buna əsasən uşaq sahibi olmaq məqsədi ilə cinsi əlaqəyə girmək də ibadət hesab olunur.

Aşağıdakı hədis bu məsələni çox yaxşı izah edir:

Əbu Zər (ra) nəql edir:

Bir gün Muhəmməd peyğəmbər (əs) bizə belə öyüd-nəsihət verdi:

– İnsan günəşin çıxdığı hər gün öz nəfsi üçün sədəqə verməlidir.

Mən bunu eşidən kimi dedim:

“Ya rəsulallah, axı bizim malımız-pulumuz yoxdur. Mən onu haradan ala bilərəm ki, sədəqə verim?”

Mənə belə cavab verdi:

“(Sədəqə qapıları çoxdur. İndi sənə sadalayacaqlarım) həmin qapılardandır.

Sübhanallah, əlhəmdulillah, Allahu əkbər, la ilahə illəllah, əstəğfirullah (bütün bu zikrlərin hamısı sədəqə deməkdir).

İnsanları Haqqa dəvət edərsən, onları din, elm və yetkin ağlın qəbul etmədiyi şeylərdən uzaqlaşdırarsan, insanların keçdikləri yollardan tikan, sümük və daşları təmizləyərsən, kor olana yol göstərərsən, lal və karlara bir şeyi onların başa düşəcəkləri qaydada başa salarsan, başının çıxdığı işdə səndən kömək istəyənə vasitəçilik və kömək edərsən, kömək istəyən aciz və zəifə var qüvvənlə kömək edərsən.

Budur, bunların hamısı sənin öz nəfsin üçün aça biləcəyin sədəqə qapılarındandır.

Əlavə olaraq, xanımınla cinsi əlaqədə olmağına da savab yazılır.”

Mən özümü saxlaya bilməyib soruşdum:

“Ya rəsulallah! Mən öz şəhvani hislərimi cinsi əlaqə vasitəsilə doyururam deyə, necə ola bilər ki, mənə savab yazısın?”

Peyğəmbər (əs) bu sualıma belə cavab verdi:

“Ey Əbu Zər! De görüm, sənin bir uşağın olsaydı, böyüyüb-boşa çatdıqdan sonra (əsl bəhrə verməyə başladığı vaxtda) ölsəydi, onun ölümünə görə sənə savab verilərdimi?”

Mən: “Bəli, ya rəsulallah”, – deyə cavab verdim.

O isə başqa bir sual da soruşdu:

“Bəs savab qazanmağına səbəb olan o uşağı sən yaratmış olacaqdın, yoxsa yox?”

“Xeyr, əlbəttə ki, Allah yaradacaqdı”, – dedim.

“Bəs onu düzgün yola kim çatdırardı?”

“Allah”, – dedim.

“Ruzisini kim verəcəkdi? Sən?”

Cavab olaraq: “Xeyr, təbii ki, onun ruzisini də Allah verəcəkdi”, – dedim.

Peyğəmbər busual-cavabdan sonra sözlərinə belə davam etdi:

“Bax belə! Deməli, sən cinsi əlaqədə olmaqla onun həyatına səbəb olursan. Buna görə də Allah tərəfindən sənə savab verilir.

İndi sən həyat maddəsini öz yerinə (arvadının bətninə) axıt. Onu haram yerə boşaltma.

Əgər Allah istəsə, onu yaradıb yaşadacaq. Diləməsə, yaratmaz. Yaratsa da, öldürər. Bununla belə, sən övlad sahibi olmaq istədiyin üçün savab qazanırsan.” ((Müsnəd, 5/168-169.))

Aşağıdakı cavabla da tanış olun:

http://www.muselmanlar.com/fitvalar/2941.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.