Sual: Qəbir üstünə ziyarətə gedən insanların bəziləri: “Ay Allah! Burada yatan böyük şəxsin eşqinə (cəddi naminə və başqa oxşar sözlər də buna daxildir), onun hörməti xatirinə mənim duamı qəbul et!” – deyərək dua edirlər. Dinimiz baxımından bu cür dua etmək olar? Bu nə dərəcədə düzgündür?
Cavab: Təəssüf ki, “Həzrəti peyğəmbərin hörməti xatirinə, bu övliyanın eşqinə, filankəsin cəddi naminə mənim duamı qəbul et”, – deyib dua edənlər var. Hətta bəzi kitablarda da bu kimi dualara yer verilib. Amma belə dua olmaz. Bu məsələ ilə əlaqədar olaraq böyük din alimlərindən biri olan İbn Əbil-İzz Əd-Dəməşqi (vəfat tarixi hicri 792, miladi 1390-cı il) belə demişdir:
“İnsanın Allahdan başqasını öz duasının qəbul edilməsinə vasitəçi etməsi və onunla təvəssül etməsi caiz deyil… O, əslində belə demək istəyir: “Filankəs sənin saleh bəndələrindən olduğuna görə mənim duamı qəbul et”. Bəs onun Allahın saleh bəndəsi olmağı ilə bu birisinin (dua edənin) duası arasında nə əlaqə ola bilər? Bu, duada həddi aşmaq deməkdir. Allah Təala buyurub ki, Rəbbinizə gizlicə və yalvarıb yaxararaq dua edin; O, həddini aşanları həqiqətən də sevməz (Əraf, 7/55)”.