Sual: Bizim həndəvərdə bir qadın rəhmətə getdi. Əri, 1 qardaş və 1 bacısı qaldı. Ölən qadından qalan mal-dövləti var: Qızıllar, bir qədər pul, maşın və ev. Bu halda onun mirasını varislərinin arasında nə cür bölmək lazımdır?
Cavab: Qurani-Kərimə əsasən qadının uşaqları yoxdursa, əri mirasın yarısını alır. Qalan miras mallarından qadının qardaşına 2, bacısına da 1 hissə verilməlidir. Bu qaydaya müvafiq olaraq bütün mirası 6 yerə bölmək lazımdır. 3 hissə ərinə, 2 pay qardaşına və axırıncı 1 pay da bacısına verilməlidir. Bu barədə Qurani Kərimdəki hökm belədir:
“Əgər (vəfat etmiş) zövcələrinizin övladı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra, qoyub getdikləri (malın) yarısı sizindir. Yox əgər onların övladı varsa, onda qoyub getdiklərinin dörddə bir hissəsi sizindir. Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra, qoyub getdiyiniz (malın) dörddə bir hissəsi zövcələrinizə çatır. Yox əgər övladınız varsa, onda qoyub getdiyiniz (malın) səkkizdə bir hissəsi onlara çatır. Əgər (vəfat etmiş) kişinin və ya qadının valideyni və övladı yoxdursa, (eyni anadan) bir qardaşı və ya bir bacısı varsa, onda onların hər birinə (mirasın) altıda bir hissəsi düşür. Əgər onlar (sayca) bundan artıq olsalar, (mirasın) üçdə birinə şərikdirlər. (Bu bölgü,) (vərəsələrə) (zərər yetirməmək şərti ilə )vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra (aparılır). (Bunlar) Allah tərəfindən bir tövsiyədir. Allah Biləndir, Həlimdir.” (Nisə, 12)
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.