Sual: Mən həkiməm. Xəstəxanamızda olmayan xidmətlər üçün (məsələn MR çəkilməsi, daşın əridilməsi kimi) xəstəyə belə deyirik: “Bunu dövlət imkanı ilə bu xəstəxanada ödənişsiz etdirə bilərsiniz, xüsusi olaraq istəyirsinizsə, filan yerə müraciət edə bilərsiniz. Orada bu iş tez başa gəlir.” Xəstə özəl klinikalardan birinə müraciət etdiyi vaxt müqavilə onu oraya göndərən həkim də pul qazanır. Yəni, dövlət xəstəxanasında işləyən həkimlə özəl tibb mərkəzlərinin rəhbərliyi arasında müəyyən bir razılıq var. Necə deyərlər, bir-birlərinə “pas atıb” xəstə göndərirlər. Xəstə başına pul qzanırlar. Bu cür pul qazanmaq halaldır?
Cavab: Aşağıdakı şərtlər daxilində bu məsələdə bir problem yoxdur:
– Həkim öz işlədiyi yerdə görməli olduğu işdə səhlənkarlığa yol verməməlidir. Yəni, xəstəni lazımi müayinələri yerinə yetirmədən ora-bura göndərməməlidir.
– Həkim xəstəni yanıltmamalı, ondan bir şeyi gizlətməməlidir. Yəni, ona səhv məlumat verməməlidir; real vəziyyətə əsasən danışmalıdır.
– Həkim xəstəyə rəsmi və xüsusi xarakterli bütün vasitələri eyni ölçüdə bildirməlidir. Yəni, xəstəyə özəl klinikaların texniki imkanlarının genişliyindən danışdığı vaxt dövlət xəstəxanalarındakı imkanlar haqqında da məlumat verməlidir.
– Özəl xəstəxana həmin həkimə verdiyi məbləği xəstədən almamalıdır. Bu məbləği xəstəni göndərən həkimə xəstəxana məhz öz kassasından verməlidir.Yəni, bu məsələdə xəstələr pul mənbəyi kimi görülməməlidir. Əlavə olaraq, kənardan gələn xəstədən o biri xəstələrə nisbətən çox pul alınmamalıdır.
Bu və buna oxşar şərtlər yerinə yetirilmədikcə belə bir iş görmək İslam dininə əsasən düzgün hesab oluna bilməz.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.