Müsəlmanlar

Şəvval orucu

Sual: Belə deyilir ki, Şəvval ayında oruc tutulmalıdır. Başqa sözlə desək, bu ayda tutulmalı olduğu deyilən orucun dini baxımdan hökmü nədir?

Cavab: Şəvval ayında tutulması məsləhət görülən 6 gün oruc haqqında hədis kitablarında bu hədislər qeyd edilir:

“Hər kəs Ramazan orucunu tutub sonra ona Şəvval ayından 6 gün əlavə etsə, bütün il boyu oruc tutmuş kimi olar”. ((Müslim, Siyam, 39 (1164).))

“Kim Ramazan orucunu tutub sonra onun üstünə Şəvvaldan 6 gün əlavə etsə, bütün ili oruclu kimi keçirmiş olar”. ((Tirmizi, Siyam, 53.))

“Kim Ramazan ayını oruc tutaraq keçirsə, onun ardınca Şəvval ayında 6 gün də oruc tutsa, bütün ili oruc tutmuş kimi olar”. ((Əbu Davud, Savm, 58.))

“Kim Ramazan ayının (orucunu tutsa və) bayram (ın) dan sonra 6 gün oruc tutsa, onun tutduğu oruc ilin hamısını oruc tutmaq kimi olar. Kim yaxşılıq etsə, ona o yaxşılığın 10 qatı verilər”. ((İbn Macə, Siyam, 33.))

Şəvval orucu haqqında İslam alimlərinin görüşləri:

Əhli Şiə alimlərinin hamısı və əhli Sünnə alimlərinin isə bir qismi məsələn; İmam Şafii, Əhməd ibn Hənbəl, Davud Zahiri və başqa bir dəstə alim Şəvval ayındakı orucun müstəhəb olmağı qənaətindədirlər.

İmam Əbu Hənifə, İmam Malik və Əbu Yusif isə Şəvval ayında 6 gün oruc tutmağın məkruh olduğu fikrindədirlər. İmam Malikin Muvatta adlı əsərində verilən izahata əsasən bu oruc ona görə məkruh hesab edilir ki, özündən əvvəl bu orucu tutan heç kəs olmayıb; yəni, bu oruc bidətdir. İmam Malik əlavə olaraq qeyd edir ki, o, cahil insanların bu orucu Ramazan orucu kimi qəbul edəcəkləri ehtimalından qorxur. Onun açıqlaması aşağıdakı kimidir:

“Mən Ramazan ayından sonra oruc tutan heç bir alim və fəqih görməmişəm. Sələflərin heç birindən də bununla əlaqədar bir rəvayət gəlməyib mənə. Lakin alimlər bəzi cahillərin həmin 6 günlük orucu Ramazan ayına daxil eməklərindən və bidət uydurmaqlarından çəkinərək məkruh hesab ediblər. Əgər alimlər buna icazə versəydilər, onlar özləri də bayramdan sonra 6 gün oruc tutardılar”. ((Muvatta, Oruc bəhsinin axırıncı fəslindəki şərh.))

Bəzi Hənəfi və Maliki kitablarında isə qeyd edilir ki, Şəvval ayında 6 gün boyu oruc tutmaq məndubdur. Məsələn, Nurul-izah Şərhi-məraqi-fəlahda məndub oruclardan danışılarkən Şəvval ayındakı 6 günlük oruc da qeyd olunur. Tahtavi məraqul-fəlaha haşiyədə, Bəhrdə: “Şəvval ayında 6 gün oruc tutmaq İmam Əbu Hənifənin fikrincə istər dalbadal, istərsə də ayrı-ayrı olsun, məkruhdur. Ancaq sonrakı alimlər bu məsələdə bir eyib görməyiblər”, deyildiyini qeyd edir.

İbn Abidin də sonrakı nəsil hənəfi alimlərinin bu məsələdə bir eyib görmədiklərini deyir.

Yuxarıdakı şərhlərə əsasən İslam alimlərinin əksəriyyətinin fikrincə Şəvval ayında 6 gün oruc tutmaq məndubdur. Bu orucun ard-arda və yaxud ara verilməklə tutulması arasında fərq yoxdur. ((Sünəni Əbu Davud tərcümə və şərhi, Hüseyin Kayapınar, Necati Yeniel, Necat Akdeniz, Şamil nəşriyyatı, Oruc fəsli, 58-ci bab.)

Nəticə olaraq, savab əldə etmək üçün tuta bilərsiz və Allahın bildirdiyi kimi, oruc tutmaq həm Allaha yaxlaşmaq üçün həm də savab, sağlıq yönündən faydalıdır. Allah qəbul etsin!

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.