Sual: Deyilənə görə çox yemək insanın qəlbini qaraldır. Mən çox arıq və zəif olduğum üçün çoxlu yemək yeyirəm. Buna ehtiyacım var. Həkim məsləhət görüb. Görəsən, bu halda mənim də qəlbim qaralıb daşlaşır?
Cavab: Peyğəmbərimizin (s. a. v.) bəzi hədislərində deyilir ki, çox yeməkdən uzaq durun. Bu, nisbi (izafi, relativ) bir anlayışdır. Çünki çox və ya az yemək insandan insana başqa cür olur. Məsələn, sizin üçün çox olan bir xörək başqası üçün az ola bilər.
Elə isə bu məsələdə yaxşı baxılmayan cəhət nədir? Bu, doyandan sonra da yeməyə davam etməkdir. İslam dinində məhz buna pis baxılır. Çünki bu, israfa səbəb olur və ən əsası sağlamlığa zərərlidir.
Allah Təala belə buyurur:
“Yeyin, için, ancaq israf etməyin. Allah israf edənləri sevməz”. (Əraf, 7/31)
Elə buna görə də peyğəmbərimiz mədənin üçdə birini yeməklə, digər üçdə birini su ilə doldurmaq, yerdə qalan üçdə birini isə rahat nəfəs almaq üçün boş saxlamaq lazım olduğunu deyib. Yəni, bu o deməkdir ki, çox yeyib təngnəfəs olmayın, sağlamlığınızın qeydinə qalın.
Bu məsələ ilə əlaqədar bir hədis belədir:
“İnsan övladı mədəsindən daha pis bir qab doldurmayıb. Adəm oğluna onu ayaq üstə saxlayacaq qədər yemək yeməyi kifayətdir. Əgər bundan çox yeyəcəksə, mədəsini 3 yerə ayırsın: Bir hissəsini yemək, bir tərəfini içmək, o biri hissəsini də nəfəs almaq üçün”. (MƏNBƏ: Tirmizi, Zühd, 47; İbn Macə, Ətimə, 59. Bu hədisi Miqdam ibn Madikərib rəvayət edib)
Hal-hazırkı dövrdə də bu sahənin mütəxəssisləri və həkimlər çox yeməməyi, bunun əvəzinə, rejimlə və düzgün qidalanmağı məsləhət görürlər.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.