Sual: Evlənmək istəyən insanlara vasitəçilik etmək olar? İslamda buna necə baxılır?
Cavab: Evlənmək istəyənlərə vasitəçilik etmək günah deyil. Əksinə, fərzdir (vacib); yəni, Allahın əmridir. Belə ki, Allah Təala Quranın Nur surəsinin 32-ci ayəsində belə buyurur:
“Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah (lütfü ilə) Genişdir, Biləndir!”.
Göründüyü kimi, ayədə: “Evləndirin”, – deyə, bir əmr cümləsi işlənib. Təəssüf ki, biz müsəlmanlar bu məsələdə səhlənkarlığıa yol veririk.
Misal vermək məqsədilə deyə bilərik ki, evləndirmək əmrinə bir kəbin mərasimində iştirak etmək də daxildir.
Ona görə də evlilik məsələsinə açıq olmaq lazımdır. Allah buna görə bütün möminlərə: “Evləndirin” əmrini verir. Yəni, gedin, bir kəbində iştirak edin və savab qazanın. Odur ki, bu mərasimlərdə iştirak etmək Allahın əmrini yerinə yetirmək deməkdir.
Evlilik bir mərasimlə (toy, qonaqlıq-ziyafət) həyata keçirilməlidir. Peyğəmbərimiz Muhəmməd əleyhissəlam bununla əlaqədar olaraq belə demişdir:
“Haram olan nikahla halal olan nikah arasındakı fərqləndirici xüsusiyyət dəf (çalğı) çalmaq və evliliyi, yəni, nikahı elan etməkdir”. ((Tirmizi, Nikah, 6; İbn Macə, Nikah, 20; Nəsai, Nikah, 72.))
Həzrəti Aişədən nəql olunan bir rəvayətə əsasən peyğəmbər (s. a. v.) belə demişdir:
“Nikahı gizli deyil, elan edərək həyata keçirin. İnsanların çox olduğu yerlər olan məscidlər kimi qələbəlik yerlərdə həyata keçirin. Kəbinin kəsilməsi məlum olsun deyə, dəf çalın”. ((Tirmizi, Nikah, 6.))
Kəbin vaxtı çalğı çaldıqda, yəni, toy edildiyi təqdirdə bundan dəvət olunan və olunmayan insanlar xəbər tuturlar. Bunu başqa cür desək, “Əşi, heç kimə deməyin, bundan heç kəs xəbər tutmasın ha!”, deyib kəbin kəsdirmək olmaz. Çünki bu cür gizli kəbinlər batildir.
Məsələnin digər cəhəti yenə Allahın: “Evləndirin”, əmri ilə əlaqədardır. Məhz buna görə: “Əşi, mənə nə! Heç vecimə də deyil. Məgər kimisə mən evləndirməliyəm?!”, – demək və yaxasını kənara çəkmək müsəlmana yaraşan iş deyil. İmkan daxilində bu əmri yerinə yetirmək lazımdır.
Nəticə olaraq, evlənmək istəyənlərin arasında dinə və əxlaq qaydalarına müvafiq formada vasitəçi olmaq günah deyil. Əksinə, bu, Allahın müsəlmanlara verdiyi bir tapşırıqdır.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri).
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.