Sual: Məlumdur ki, Quranın Fatihə surəsində: “Ancaq Səndən kömək diləyirik” ayəsi var. İnsanlar da bir-birlərindən kömək istəyirlər. Bu Allahdan başqa bir varlıqdan kömək istəmək deyilmi? Siz bu suala cavab olaraq deyirsiniz ki, burada nəzərdə tutulan fikir budur: “Səndən başqasının görə bilməyəcəyi işləri başqasından deyil, məhz Səndən istəyirik”. Elə isə ayəyə bu cür məna vermək daha düzgündür: “Ancaq Sənə ibadət edirik, ancaq həm Səndən, həm də başqalarından kömək diləyirik”. Bu barədə fikriniz nədir?
Cavab: Quran ayələrini özbaşına izah etmək düz deyil. Çünki Allah buna icazə vermir:
“Əlif, Lam, Ra. Bu, Müdrik (düzgün qərar verən) və (hər şeydən) Xəbərdar (olan Allah) tərəfindən, ayələri möhkəm qılınmış, sonra da ətraflı izah edilmiş bir Kitabdır. (Bu ona görədir) ki, Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən Onun tərəfindən sizi xəbərdar edən və müjdələyənəm”. (Hud, 11/1-2)
Allah ayələri ayələrlə izah edib. Bizim borcumuz odur ki, eyni məsələ ilə əlaqədar ayə və hədisləri bir araya cəm edək və Allahın izahlarını öyrənək. Yəni, biz buna cəhd etməliyik.
Buna əsasən Fatihə surəsinin müvafiq ayəsindəki istianə məfhumunun məzmunu digər ayələrdə izah olunub və bildirilib ki, insanlar lazımi hallarda birbirlərindən kömək istəyə bilərlər. Amma fövqəltəbii dediyimiz və ancaq Allahın edəcəyi kömək üçün Ondan başqa bir varlıqdan kömək diləməyin şirk olduğu da məlumdur. Allah bunu Quranda xüsusi olaraq vurğulayır.
Odur ki, Fatihə surəsində: “Ancaq Səndən kömək diləyirik” cümləsi digər ayələrin dəlaləti ilə: “Səndən başqasının edə bilməyəcəyi şeyləri başqasından deyil, ancaq Səndən istəyirik”, deməkdir.
Deməli, bu ayəni sizin dediyiniz kimi anlamaq mümkün deyil. Bu şərh düzgün deyil.
Sualınızla əlaqədar olaraq aşağıdakı yazını da nəzərdən keçirin:
http://www.muselmanlar.com/fitvalar/3589.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.