Sual: İslam hüququna əsasən ata-anası boşanmış uşaqları himayə etmək və onları böyüdüb boya-başa çatdırmaq kimin borcudur? Onlara kim baxmalıdır?
Cavab: Ailənin yemək-içmək və yaşamaqdan ötrü yer kimi zəruri məişət ehtiyaclarını ödəmək üçün lazım olan dolanışıq xərclərini təmin etmək atanın borcudur. Uşaqların böyüdülüb boya-başa çatdırılması isə ananın işidir.
Uşaqların dolanışıq xərcləri
Uşaqlar istər qız, istərsə də oğlan uşaqları olsun, onların dolanışıq xərclərini təmin etmək atanın borcudur. Ana bu məsələdə məsuliyyət daşımır. Ataları yoxdursa, uşaqları saxlayıb himayə etmək atanın atasının, yəni, babanın borcudur. Baba da yoxdursa, uşaqların dolanışıq xərcləri başqa bir qohum tərəfindən təmin edilməlidir.
Ata öz kiçik uşaqlarını işləyib qazanacaqları dövrə qədər himayə etməyə məcburdur. Uşaqlar üçün müəyyənləşdirilən dolanışıq xərcləri onların yaşlarına və atanın maddi vəziyyətinə müvafiq və lazımi qədər olmalıdır. Əgər atalarının maddi vəziyyəti yaxşıdırsa, uşaqlar üçün bir və yaxud lazım gələrsə, iki xidmətçi tutmaq da olar.
Qız uşağının öz dolanışığını təmin etmək üçün lazımi qədər maddi ehtiyatı yoxdursa və ərdə deyilsə, onun dolanışıq xərclərini atası ödəməlidir. Qızın bakirə və yaxud gözləmə müddətini başa vurmuş dul bir qadın olmasının məsələyə dəxli yoxdur.
Uşağın təhsil xərclərini ödəmək də atanın borcudur.
Ailənin böyük övladının gəlir və qazancları özlərinə çatmırsa, əksik qalan hissəsini ata tamamlamalıdır.
Uşaq üçün müəyyənləşdirilən dolanışıq xərcləri anaya verilir. Əgər ana bu dolanışıq xərclərini uşaq üçün xərcləmirsə, uşağa ayrılmış xərcliklər anadan alınıb mötəbər bir şəxsə verilir. Anaya da öz növbəsində o xərcliklərdən səhər-axşam müəyyən qədər verilir ki, uşağa sərf etsin. Belə bir hal baş verərsə, yəni, ananın uşaq üçün ayrılmış pulları ona xərcləmədiyi sübut olunsa, həmin pullar anasına deyil, başqa bir şəxsə də verilə bilər.
Uşaqları böyüdüb ərsəyə gətirmək (hidanə) hüququ
Hidanə uşağın işin əhli olan bir şəxs tərəfindən müəyyən bir müddət ərzində saxlanılıb böyüdülməsi deməkdir. Uşağın böyüdülüb ərsəyə gətirilməsi isə öz növbəsində anaya aid bir hüquqdur. Lakin hüquqi baxımdan ananı bu barədə məsul hesab etmək olmaz. Başqa sözlə, ananı uşağı saxlamağa və böyütməyə məcbur etmək olmaz. Amma əgər uşağa baxan başqa bir şəxs yoxdursa, o vaxt ananı uşağı saxlamağa məcbur etmək olar.
Ana boşanıb ayrıldıqdan sonra atadan hidanə üçün haqq, yəni, bir növ aliment tələb edə bilər. Uşağın saxlanacağı evin kirayəsini ata ödəməlidir. Əgər ata yoxdursa, ev kirayəsini onun ən yaxın qohumu ödəməlidir. Amma əgər ananın özünün uşağı saxlaya biləcəyi ayrı bir qalacaq yeri olsa, artıq heç bir kirayə pulu tələb edə bilməz.
Ana başqa bir adamla evləndiyi vaxt uşağı saxlamaq hüququnu itirir. Çünki belə bir vəziyyətdə uşaq başqaları tərəfindən təhqirə məruz qalıb narahat edilə bilər. Lakin ana öz uşağının yaxın qohumlarından biri ilə, məsələn, onun əmisi ilə evlənibsə, uşağı saxlamaq hüququnu itirmir.
Ana başqa bir adamla evləndiyi vaxt həmin adam uşağı saxlamağı qəbul etsə, uşağı anasından almaq olmaz. Çünki bəzən elə olur ki, ögey bir ata arvadının xətri və Allah rizası üçün uşağa həmin uşağın öz qohumlarından yaxşı baxır.
Oğlan uşaqları özləri işləyə biləcəkləri bir vaxta qədər analarının yanında qalır, sonra isə ataya təhvil verilirlər. Bu müddət 7, 8 və ya 9 yaşın tamamlanmasına qədər olan müddətdir. Bu məsələdə adətən 7 yaş əsas götürülmüşdür. Çünki oğlan uşaqları bu yaşdan sonra bir kişi kimi yetişməyə, elm və peşə öyrənməyə ehtiyac hiss edirlər. Onların ata və babaları bu məsələni daha yaxşı bilirlər.
Qız uşaqları isə aybaşı (menstruasiya) görməyə və həddi-buluğ çağına çatıb kişilərdə maraq oyatmağa başladıqları vaxta qədər analarının yanında qalırlar. Sonra isə onları daha çox ata və babalarının himayə etməsinə ehtiyacları olduğuna görə analarından alınırlar.
Bir şəxs uşağını götürüb başqa bir yerə aparmaq istəsə, ana buna mane ola bilər. Çünki belə olan halda, onun uşağa tərbiyə vermək hüququ tapdanır. Lakin ata istədiyi vaxt gəlib öz uşağını görə bilər.
Ana da böyüdülüb boya-başa çatdırılma haqqı başa çatmış uşağını istənilən vaxt görə bilər. Ona heç kim mane olmamalıdır.
Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.