Sual: Ərəb dilindən başqa bir dildə azan oxumaq düzgündür? İslamda buna icazə var?
Cavab: Azan və azan vermək (oxumaq) Quranın Maidə surəsinin 58 və Cümə surəsinin 9-cu ayələri, eləcə də Muhəmməd peyğəmbərin (s. a. v.) bunu həyata keçirməsi nəticəsində sabit hala gəlmişdir. Azan söz və cümlələri ilə cahanşümul bir şüar və rəmz halını alıb. Allahın rəmzlərinə, Onun şüarlarına hörmət göstərmək də öz növbəsində Allaha ehtiram bəsləmək deməkdir. Bu məsələ ilə əlaqədar bir Quran ayəsi belədir:
“Ey iman gətirənlər! Allahın nişanələrinə, haram ayına, Həcc qurbanına, boynuna nişan taxılmış qurbanlıq heyvanlara və Rəbbinin lütfünü və razılığını diləyərək Kəbəyə üz tutanlara qarşı hörmətsizlik etməyin…” (Maidə, 2/5)
Başqa bir ayədə də Allah Təala şəairullaha, yəni, Öz qoyduğu rəmz və nişanələrə hörmət edilməsinin qəlblərin təqvasından asılı olduğunu bildirir. (Baxın: Həcc, 22/32)
Beynəlmiləl hala gələn azanın söz və cümlələrinə olduğu kimi sadiq qalmaq da bu ehtiram və təzimin bir sübutudur. Hər xalqın öz dilində azan oxumağı azanın cahanşümulluğuna bir növ kölgə salır, xələl gətirir və nəticədə bəzi çətinliklər yaranır.
Türkiyə Respublikasının dini işlər üzrə naziri professor Mehmet Görməz bununla bağlı olaraq belə deyir:
“Azan əziz peyğəmbərimizin ilk məscidi tikdiyi gündən bu günə qədər bütün dövrlərdə, dünyanın bütün bölgələrində bütün müsəlmanların müştərək inancının rəmzi olub. Deməli, azanın hər bir söz və cümləsi İslamın əlamətlərindəndir. Odur ki, azanın hər hansı bir dilə və ləhcəyə tərcüməsinin müsəlmanların müştərək inanc və şüurunu ifadə edən azan kimi qəbul olunması qətiyyən mümkün deyil.”
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.