Müsəlmanlar

Abortun hökmü

Sual: İslamda aborta necə baxılır? Bunun müəyyən bir qaydası və müddəti var? Mənim yoldaşım hal-hazırda 6 aylıq hamilədir. Həkimlər yoxlama və analizlərə əsasən deyirlər ki, uşaqda çox böyük bir problem var və ana bətnindən dərhal xaric edilməlidir. Əgər biz buna razılıq verməsək, anası çox ciddi bir təhlükə ilə üzləşəcək. Belə bir vəziyyətdə abort etdirmək olar?

Cavab: Əgər ananın sağlamlığı, başqa sözlə, həyatı ciddi bir təhlükəyə məruz qalacaqsa və bu, öz sahələrində həqiqətən də, mütəxəssis olan həkimlər tərəfindən dəqiqləşdirilibsə, ana və övladının ikisini də birdən itirmək yerinə təkcə uşağı fəda etmək mümkündür. Təkcə bu məqsədlə abort etdirmək olar.

Əks təqdirdə, abort etdirmək, yəni, uşağı öldürmək, dünyaya gəlmiş bir uşağı və ya böyük bir insanı öldürmək kimi haramdır.

Dünyaya gəlməsi gözlənilən uşağı xəstə, fiziki və əqli cəhətdən qüsurlu və yaxud az yaşayacağına dair ehtimalın olması kimi səbəblərlə abort etdirmək də qadağandır. Bu məsələdə genetika elminə və ultrasonoqrafiya metoduna (USM, UZİ) etibar edib etməmək də mübahisəlidir. Çünki hal-hazırda ulrasonoqrafiya metodu ilə qüsurlu doğulacağı və bir sıra təhlükələri olacağı irəli sürülən bəzi uşaqlar abort edilmədikləri, yəni, normal doğumla dünyaya gəlikləri vaxt tamamilə sağlam doğulurlar.  Bir çox hüquqşünas da bu faktla üzləşir.

Nəticə olaraq demək lazımdır ki, hamiləliyin ilk mərhələsindən etibarən dəqiq və dini cəhətdən müvafiq bir zərurət halı olmadan salmaq və ya aldırmaq yolu ilə bir uşağın həyatına xitam vermək caiz deyil. Başqa cür desək, bu, İslam dininə əsasən qəti surətdə qadağandır.

Uşaqda fiziki və əqli qüsurların müəyyən edilməsi abort üçün səbəb kimi qəbul edilə bilməz. Ancaq və ancaq ananın həyatının xilas edilməsi haqlı və müvafiq bir zərurət hesab olunur.

Bu məsələ ilə əlaqədar olaraq bir magistrin bizim rəhbərliyimizlə hazırladığı elmi işi var. Sizin də həmin elmi işdəki təhlil və dəlillərlə tanış olmağınızı tövsiyə edirik:

http://www.muselmanlar.com/muzakire-ve-mubahiseler/3509.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.