Müsəlmanlar
Murdar olan heyvanın hansısa bir yerini yemək olar?

Murdar olan heyvanın hansısa bir yerini yemək olar?

Sual: Tutalım ki, bir heyvan murdar olub. Onun yeyilə bilən hansısa bir yeri var? Bəs dərisi və yunu necə? Onları işlətmək olar?

Cavab: Kəsilmədən ölən heyvanın (meytə) heç bir yerini yemək olmaz. Çünki bu: “Meytə sizə haram olunub”, – cümləsi ilə 4 Quran ayəsində qəti surətdə qadağan edilib. ((Ətraflı məlumat üçün baxın: Bəqərə, 2/173; Maidə, 5/3; Ənam, 6/145; Nəhl, 16/115.))

Ancaq meytənin dərisini dabaqlayıb işlətmək olar.

Həzrəti Meymunənin ((Meymunə bint əl-Haris ibn əl-Hilaliyyə. Peyğəmbərimiz Həzrəti Muhəmmədin (s. a. v.) evləndiyi sonuncu həyat yoldaşı. Hicri təqvimlə 51-ci, miladi təqvimlə 671-ci ildə vəfat etmişdir. Evlənməmişdən əvvəl adı Bərrə idi. Peyğəmbər əleyhissəlam onun adını Meymunə qoymuşdur. Meymunə sözü səxavətli, namuslu və itaətkar mənaları verir.)) azad etdiyi cariyələrindən birinə sədəqə olaraq bir qoyun verilmişdi. Həmin qoyun bir gün öldü. Peyğəmbər əleyhissəlam onu görüb:

“Bunun dərisini soyub götürsəydiniz, tabaqlayıb istifadə edərdiniz”, – deyə buyurdu. Ona qoyunun ölü olduğunu dedilər. O isə: “Onun ancaq yeyilməsi haramdır”, – dedi. ((Buxari, Zəkat, 61; Müslim, Heyz, 100-101, Zəbaih, 30; Əbu Davud, Libas, 38-39; Nəsai, Fər, 4-5; Muvatta, Sayd, 16; Əhməd ibn Hənbəl, 1/262, 265, 314.))

Yuxarıdakı hədisin müxtəlif variantları mövcuddur. Hamısında deyilir ki, əshabələr həmin heyvanın dərisini dabaqlayıb işlədiblər.

Həzrəti Muhəmmədin (s. a. v.) xanımlarından biri olan Sevdə belə bir hədis nəql etmişdir:

Bizim bir qoyunumuz öldü, onun dərisini aşıladıq və köhnələnə qədər içərisində nəbiz ((Nəbiz xurma və ya kişmişin suya atılıb suyun dada gətirilməsi ilə hazırlanan bir şərbət növüdür.)) hazırladıq. ((Buxari, Əyman, 21; Nəsai, Fər, 4; Əhməd ibn Hənbəl, 6/429.))

Fiqh məzhəbləri meytənin haramlığını bildirən ayədən və meytənin dərisindən istifadə etməyi məsləhət bilən hədisləri əsas tutaraq bu məsələyə dair müxtəlif fikirlər səsləndiriblər.

Şafei məzhəbində geniş yayılmış fikrə əsasən bir heyvan öldüyü vaxtdan etibarən onun yunu, tükü və sümüyü murdar olur. Deməli, bunlardan istifadə etmək olmaz.

Maliki və Hənbəli məzhəblərinə əsasən meytənin ətindən istifadə etmək caiz deyil. Yəni, buna icazə yoxdur. Sümüyündən istifadə etmək də olmaz. Amma yun və tükü təmizdir, işlətmək olar.

Hənəfi məzhəbi isə bu barədə belə deyir:

“Meytənin sümük, tük və yunundan istifadə etmək olar”.

Quran ayələri və peyğəmbər hədislərinə müvafiq olduğuna görə bizim fikrimizcə də düzgün olan fikir budur.

Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.