Müsəlmanlar
“Səninlə danışsam, kafir olum!”, – deməyin hökmü nədir?

“Səninlə danışsam, kafir olum!”, – deməyin hökmü nədir?

Sual: Atamla əmimin arasında mübahisə düşdü. Başqaları da var idi. Atam əmimə hirslənib and içdi ki, bir də səninlə danışsam, kafir olum. Bunun hökmü nədir?

Cavab: Atanızın andı onun xeyirli bir iş görməyinə mane olmamalıdır. Odur ki, andını pozmalı və kəffarəsini verməlidir.

Allah Quranda belə deyir:

Bir də öz andlarınızı bəhanə edib yaxşılıq etməyiniz, pis əməllərdən çəkinməyiniz və insanların arasında sülh yaratmağınız məsələsində Allahı (Allahın adını) arada sədd etməyin. Allah eşidəndir, biləndir (Bəqərə, 2/224).

Muhəmməd peyğəmbərin də bu məsələ ilə bağlı bir sözü var:

“Günaha and içənin andı and deyil. Qohumu ilə əlaqələri kəsməyə and içənin andı da and deyil!”. (Əbu Davud, Talaq, 7)

“Əgər bir məsələyə dair and içsən, sonra başqa bir şeyi xeyirli görsən, andını poz, kəffarəsini ver və xeyirli hesab etdiyin işlə məşğul ol”. (Buxari, Əyman, 1; Müslim, Əyman, 11(1650)

Bu məsələ barədə mötəbər dini kitablarda belə deyilir:

Bir nəfər: “Belə etsəm, kafir olum”, “Filan işi görsəm, yəhudi olum, xristian olum”, “Mən bu işi görsəm, Allahın bəndəsi, peyğəmbərin ümməti olmayım”, “Belə etsəm, qibləm başqa tərəfə olsun”, “Allah mənim canımı imansız alsın” və bu kimi sözlər desə, onun əqidəsinə və məqsədinə baxmaq lazımdır. Əgər bu sözü and içmək məqsədi ilə deyibsə, bu, and kimi qəbul olunur. Andını pozduqda kəffarət ödəməli olur. Bu, ona vacibdir”. (MƏNBƏ: Ömer Nasuhi Bilmen, böyük İslam elmihalı, “Yəminin (and) mahiyyəti və yəmin hesab olunmayan şeylər” fəsli, 193-cü abzas)

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.