Sual: Məlumdur ki, içki içmək haramdır. Camaat arasında belə bir söz var: Zəmzəm suyu içəndən sonra içki içmək qadağandır. Bunu necə başa düşmək olar? Axı içki içmək onsuz da qadağandır.
Cavab: Bəli, belə söz-söhbətlər var. Bəzən deyirlər ki, qurban əti ilə içki içmək olmaz. Halbuki, içki içmək qurban əti ilə də haramdır, onsuz da.
Bir sözlə, Allah içkini haram edib və buyurub ki, ondan uzaq duraq. Quranda belə deyilir:
“Ey iman edənlər! Xamr, qumar, sitayiş etmək üçün dik qoyulmuş daşlar, fal və bəxt oxları murdar bir şeytan əməlidir. Bunlardan uzaq durun ki, bəlkə, nicat tapasınız.
Şeytanın istədiyi yeganə şey sərxoşluq verən içkilər və qumar vasitəsilə sizin aranıza düşmənçilik və kin-küdurət salmaqdır. O, bir də Allahın zikri olan Qurandan və namazdan sizi uzaqlaşdırmaq istəyir. Artıq bundan üz döndərərsiniz, deyilmi?
Allaha itaət edin, (Onun) Elçisinə itaət edin və (asi olmaqdan) çəkinin! Əgər üz çevirsəniz, bilin ki, Elçimizin öhdəsinə düşən ancaq açıq-aydın təbliğ etməkdir”. (Maidə, 5/90-92)
Deməli, içki içmək zəmzəm suyu içmədən də haramdır, içdikdən sonra da. Zəmzəm suyu içmək içki içməyin günahını nə artırar, nə də azaldar. Odur ki, özünə müsəlman deyən hər bir insan Allahın haram qıldığı şeylərdən, o cümlədən içkidən uzaq durmalıdır.
http://www.muselmanlar.com/fitvalar/2105.html
Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.