Müsəlmanlar

Yəhudilər anadangəlmə lənətləniblər?

Sual: Yəhudilər anadangəlmə lənətləniblər? Təzə doğulan bir yəhudi körpəsi ilahi imtahanda elə doğulan kimi “kəsilir”?

Cavab: Xeyr, anadangəlmə lənət deyilən bir şey yoxdur. Çünki cavabdehlik (məsuliyyət) insan həddi-büluğ dövrünə çatdığı vaxt başlayır. Bundan əvvəlki dövrdə insan dini cəhətdən cavabdeh hesab olunmur. Amma həddi-büluğ dövründən etibarən insanın seçim və qərarları onun rəhmət və ya lənətə layiq olub olmadığını müəyyən edir.

Quranın lənətlə əlaqədar ayələrinə baxdıqda məlum olur ki, lənətlənən şəxslər (bunların bir çoxu İsrail oğullarıdır) bu lənətə anadangəlmə deyil, sonradan öz günahları ucbatından düçar olublar:

“İsrail oğullarından kafir olanlar həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bunun səbəbi onların üsyan etməyi və təcavüzkar olmaqları idi”. (Maidə, 5/78)

Bu ayədən də başa düşülür ki, heç kim anadangəlmə itirmir! Həddi-büluğ çağına gəldiyi vaxt kafirliyi seçirsə, məhz o zaman ona Allahın lənəti olur:

“Endirdiyimiz açıq-aşkar ayələri və əsas yolu o kitabda insanlara izah etdiyimiz halda, onları gizlədənlər… Allah onları lənətləyəcək! Budur, Allah onları lənətləyir! Bütün lənət edə bilənlər də onlara lənət oxuyacaq!

Tövbə edib, özünü doğruldanlardan başqa! Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmət sahibiyəm!

Kafirlərə və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!

Onlar həmişəlik bu lənət altında qalırlar. Onların nə əzabı yüngülləşdirilir, nə də bu əzaba ara verilir”. (Bəqərə, 2/159-162)

Bu ayələrə əsasən Allahın ayələrini gizlədən şəxslər istər müsəlman olsun, istərsə də başqa bir dinin nümayəndəsi, Allahın lənətinə düçar olur.

Odur ki, yəhudilərin anadangəlmə lənətləndiyini demək düzgün deyil. Belə bir şey yoxdur.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.