Sual: Qurani-Kərimdə, eləcə də bəzi hədislərdə və fiqhdə quruda, dənizdə və yerin altında və üstündə yaşayan və ya orada olan, halal və mübah mal adlanan canlı və cansız bəzi şeylər var. Misal üçün, ov heyvanları, mədənlər, xəzinə və dəfinələr. Quranda ayələr var ki, bunları ovlamaq və müxtəlif yollarla əldə etməklə yemək və istifadə etmək halaldır. Məsələn: “Quru və dəniz ovu və yeməyi sizə halal qılındı”, - ayəsi. Sualım budur: Bu gün dövlət ov etməyi və ya yerin altında olan filiz və mədənləri, o cümlədən xəzinə kimi yerə basdırılmış şeyləri çıxartmağı qadağan etsə, yəni, bunu cinayət hesab etsə, biz Quran və Sünnədəki bu hökm və icazələrə əsasən həmin şeyləri çıxarda bilərik? Yaxud da bu qadağaya baxmayaraq ov etmək olar? Əgər kimsə belə etsə, başqalarının haqqını tapdamış olar? Və bu ov məhsullarını istifadə etmək ona haram olar? Bu məsələdə dövlətin qoyduğu qanun qüvvədədir, yoxsa Allah və rəsulunun buyuruqları?
Cavab: Allah Təala Qurani-Kərimin bir ayəsində belə deyir:
“Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasından olanı yalanla ört-basdır etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə) və məruf məsələsində sənə qarşı çıxmamaq şərti ilə sənə beyət etmək üçün yanına gəldikləri zaman onları qəbul et. Allahdan onlar üçün bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir”. (Mumtəhinə, 60/12)
Göründüyü kimi, ayədə altından xətt çəkilmiş bir hissə var. Buradakı məruf sözü gözəl olmağı ağıl və ya din vasitəsilə bilinən şey deməkdir. Peyğəmbərə (s. a. v.) beyət etmək üçün gələn qadınlardan ayədə qeyd edilən məsələlərə əlavə olaraq “mərufa müvafiq əmrlərinə qarşı çıxmamaq” məsələsində söz verməkləri tələb olunur. Burada məruf peyğəmbərin və ya ondan sonra gələn xəlifələrin, yəni, səlahiyyətli şəxs və orqanın qoyduğu – Qurana zidd olmayan hökmlərdir. Buna görə də müsəlman bir şəxs səlahiyyətli orqanın qoyduğu və məruf kimi qəbul edilə bilən hər bir hökmə tabe olmağa məcburdur.
Qeyd edək ki, dövlət ov heyvanlarının plansız ovlanması nəticəsində nəsillərinin yox olmaması üçün bir sıra tədbirlər görə bilər. Həmin tədbirlərin çox xeyri var. Çünki plansız və necə gəldi ov etməyin nəticəsində heyvanlar aləmindəki tarazlıq pozula bilər. Bu, fəsaddır. Allah isə fəsad törətməyi qadağan etmiş və bir çox ayədə bildirmişdir ki, fəsad törədənləri sevmir!
Gəlin, aşağıdakı ayələrə diqqət yetirək:
“İnsanların öz əlləri ilə gördükləri işlərin ucbatından quruda və dənizdə fəsad törədi. Allah bəlkə, bu yoldan qayıdarlar deyə, əməllərinin bir qismini onların özlərinə daddırır”. (Rum, 30/41)
“İnsanların eləsi var ki, onun bu dünya həyatı ilə əlaqədar sözləri səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Əslində o, qatı bir düşməndir.
O dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir.
İş başına keçən kimi aranı qarışdırmaq, mənbələri yox etmək və nəsilləri məhv etməyə çalışar. Allah fitnə-fəsadı sevməz!”. (Bəqərə, 2/204-205)
Bu ayələrə əsasən yer üzündəki mənbələri nadanlıqla və qayda-qanuna tabe olmadan korlayanlar fitnə-fəsad törədirlər. Elə isə ov heyvanlarını, balıqları, qısa desək, təbiəti mühafizə etməyə çalışanların qoyduğu qayda-qanunlar da məruf çərçivəsində qiymətləndirilməlidir. Bu qaydalara da tabe olmaq lazımdır.
Əlavə olaraq peyğəmbərimiz (s. a. v.) ona qonaqlıq vermək istəyən bir əshabəyə xəbərdarlıq edərək belə deyib:
“Sağılan heyvanı kəsmə!” (Müslim, Əşribə, 20; İbn Macə, Zəbaih, 7).
Ov qadağası vaxtı qadağaya zidd olaraq ov etmək insanı babala salır. Eynilə bunun kimi bəndə haqqı yeməyinə də səbəb ola bilər. Əgər qadağa olmasaydı, bir çox insanın malik ola biləcəyi bir şeyə qadağaya fikir vermədən sahib olmaq bəndə haqqını tapdamaq olardı. “Əşi, o heyvanlar heç kimin deyil ki!”, – deyib özünü haqlı çıxartmaq da olmaz. Çünki o heyvanlar heç kəsin olmadığı kimi, sizin də deyil.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.