Müsəlmanlar
Axır zəmanədə az ibadət edən xilas olacaq?

Axır zəmanədə az ibadət edən xilas olacaq?

Sual: Eşitmişəm ki, belə bir hədis var: “Bir vaxt gələcək ki, o dövrün müsəlmanları indi bizim etdiyimiz ibadətlərin onda birini yerinə yetirsə, axirətdə əzabdan xilas olacaqlar”. Doğrudan da, belə bir hədis var? Əgər varsa, bu, insanları tənbəlliyə aparmır?

Cavab: Haqqında danışdığınız hədis rəvayəti budur:

Əbu Hüreyrənin (r. a.) rəvayətinə əsasən Muhəmməd peyğəmbər (s. a. v.) belə demişdir:

“Siz elə bir zəmanədə yaşayırsınız ki, sizə əmr olunanın onda birini tərk edən həlak olar. Sonra isə elə bir vaxt gələcək ki, o dövrdə əmr edilənin onda birini yerinə yetirən xilas olacaq”. (Tirmizi, Fitən, 79.)

Tirmizi bu hədislə əlaqədar olaraq aşağıdakıları qeyd edir:

“Bu hədis qəribdir. Bunu təkcə Nueym ibn Həmmadın Süfyan ibn Üyeynədən rəvayəti kimi bilirik”.

Yeri gəlmişkən, qərib hədis sənədinin bir və ya bir neçə təbəqəsində ravilərinin sayı birədək azalan hədisdir.

Yuxarıdakı hədisin rəvayət silsiləsindəki Nueym ibn Həmmad demək olar ki, bütün hədis tənqidçiləri tərəfindən zəif və münkər hədis rəvayət etməklə məlum olan və rəvayətlərində çox səhvə yol verib onları bir-birilə qarışıq salan bir nəfər kimi tanıdılır. Hətta bəziləri deyirlər ki, onun rəvayətləri dəlil kimi qəbul oluna bilməz, o, sünnəni qorumaq məqsədilə hədis də uydurub. ((Ətraflı məlumat üçün baxın: Ali Çelik, Türkiyə Diyanət İslam ensiklopediyası (Türk dilində), “Nuaym b. Hammad” bəndi, 33-cü cild, s. 219. Nueym ibn Həmmad barədə daha ətraflı məlumat üçün baxın: Əz-Zəhəbi, Siyəru Əlami-n-Nübəla, 4-cü nəşr, 10-cu cild, s. 595-612, sıra nömrəsi 209.))

Məlum olduğu kimi, hədis sənəd cəhətdən zəif hədisdir. Əlavə olaraq heç kim zəmanənin xarab olduğunu irəli sürüb günah və tənbəlliyinin üstünü örtə bilməz. Allah Təala deyir:

“Axıb gedən zamana and içirəm ki,

İnsan həmişə ziyandadır!

Amma iman gətirən, yaxşı işlər görən, səbri məsləhət görən və haqqı tövsiyə edənlərdən başqa”. (Əsr surəsi)

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.