Müsəlmanlar

İddə gözləyən qadın evdən çıxsa, talaq yenə baş verir?

Sual: Siz yazmısınız ki, boşanan qadınlar evdən çıxdıqları və ya çıxardıldıqları vaxt da talaq həyata keçir. Yəni, boşanma baş verir. Siz bunu digər şərtlərdən ayırmısınız. Sualım budur: Bunların hamısı əmr deyil? Xahiş edirəm, izah edin.

Cavab: Allah talaqla əlaqədar olaraq belə deyir:

“Ey peyğəmbər! Qadınları boşadığınız zaman, onları iddə [gözləmə] müddətlərində boşayın və gözləmə müddətini sayın. Rəbbiniz Allahdan qorxun! Onları evlərindən çıxartmayın. Onlar özləri də çıxmasınlar. Açıq-aşkar bir fahişəlik ediblərsə, bu başqa. Bunlar Allahın hədləridir. Kim Allahın hədlərini aşsa, özünə zülm etmiş olar. Nə bilirsən, bəlkə də, Allah bundan sonra meydana yeni bir vəziyyət çıxardacaqdır”. (Talaq, 65/1)

Qadınları iddə müddətlərinin daxilində boşamaq talağın ən vacib şərtidir. Quranda deyilir:

“(Ərləri tərəfindən) boşanmış qadınlar öz başlarına 3 qur gözləyərlər”.

Aybaşı halında cinsi əlaqə qadağan olduğuna görə qadın bu halda onsuz da öz başınadır. İddə müddəti daxilində əri ilə eyni evdə yaşadığı üşün buradakı qur onunla əlaqədə ola biləcəyi təmizlik dövrüdür.

Elə isə boşanmanın iddə daxilində olmağı qadının bu vaxt heyzdən təmizlənmiş, amma əri ilə əlaqədə olmamış olmağı deməkdir.

Yuxarıdakı ayədə bundan başqa 3 şərt də sayılıb. Bunlar iddəni saymaq, qadını evdən çıxartmamaq və qadının evdən çıxmamağı şərtidir. Bunları yerinə yetirməyən özünü çətinliyə salır. Amma boşanma qüvvədədir, yəni, səhihdir. Çünki Allah belə buyurur:

“Bunlar Allahın hədləridir. Kim Allahın hədlərini aşsa, özünə zülm etmiş olar”

Kişinin iddənin axırına qədər arvadına dönməyə ixtiyarı var. Əgər iddəni saymasa, müddətin başa çatdığını başa düşə bilməz. Buna görə də həmin haqqını itirə bilər. İddə müddəti daxilində ər arvadını evdən çıxartmasa, aradakı narazılığın həlli asan olar. Beləcə, vəziyyəti qiymətləndirib daha münasib bir nəticəyə gələ bilər.

Əgər qadın evdən çıxmasa, ərini qane etmək imkanı qazanar. Bu müddət ərzində onun ərinə qarşı hərəkətlərində bircə qadağa var: cinsi əlaqə. Bu da öz növbəsində ərinin ona qarşı hiss etdiyi marağı artırır. Əgər ər arvadına qayıtmağa qərar versə və bunu şahidlərin yanında sübut etsə, həmin qadağa da aradan qalxır.

Sualınızla əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/2780.html

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.