Müsəlmanlar

“Cənnət anaların ayaqlarının altındadır” mövzu hədisdir?

Sual: Bu hədis səhihdir, yoxsa sonradan qondarılıb? “Cənnət anaların ayaqlarının altındadır”.

Cavab: Səhabədən biri, bir gün peyğəmbərin yanına gedib belə deyir:

“Ey Allahın elçisi, mən müharibəyə (cihad) getmək istəyirəm. Sizinlə məsləhətləşməyə gəldim”.

Peyğəmbər ondan anasının olub olmadığını soruşur. O da cavab olaraq deyir ki, var. Peyğəmbər bu vaxt belə deyir:

“Elə isə ondan ayrılma. Çünki Cənnət onun ayağının altındadır”. (Nəsai, Cihad, 12)

Məlum olduğu kimi, hədis Kütub-i-sittədə qeyd olunub. Mövzu (uydurma) hədis deyil. Lakin hədis alimlərindən biri olan Həkim bunun Müzdərib[1] hədis olduğunu demişdir. ((İsmail ibn Muhəmməd əl-Acluni, Kəşfu-l-Xəfa, 3-cü nəşr, Beyrut, 1988, 1-ci cild, s. 335, hədis nömrəsi 1078.))

Bu hədis sənəd baxımından zəif olsa da, məna baxımından səhih görünür. Çünki Qurani-Kərimə baxdıqda bir çox ayədə Allaha iman gətirdikdən sonra ata-anaya yaxşılıq etmək əmr olunur. Deməli, Cənnətə gedən yol da onların qabağından keçir…

Bir də; İmam Musa əl-Kazımın bu sözü ana-ataya qarşı necə rəftar edəcəyimizə tam aydınlıq gətirməkdədir:

“Əgər behişt istəyirsənsə, ata-ananla gözəl rəftar et, onlara yaxşılıq et!

Əgər cəhənnəm odununa dözməyə taqətin varsa, onların üzünə ağ ol!”

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

[1] Müzdərib hədis: Bir-birinə mətn və ya sənəd baxımından bir, ya da daha çox ravi tərəfindən aralarını cəm və təlif etməyin mümkün olmayacaq qədər fərqli formada rəvayət edilən hədisdir.