Müsəlmanlar

Misal verib İslam cəza hüququnu izah edərsinizmi?

Sual: Müəllim, siz bir dəfə demişdiniz ki, kiməsə edilən haqsızlığın cəzası onun iki qatıdır. Birincisi haqsızlığın əvəzi, ikincisi isə haqsızlığın cəzası. Burada belə bir sual yaranır: Məgər Qurani-Kərimdə cəzalar misli ilə nəzərdə tutulmayıbmı? Misal üçün, bir nəfər bir nəfəri bir dəfə vurubsa, o da bir dəfə vurulmalı deyilmi? Xahiş edirəm, bu məsələni izah edəsiniz.

Cavab: Hər şeydən əvvəl deyim ki, bu məsələ bizim Quran işığında düzgün hesab etdiyimiz səhvlər adlı kitabımızın “Cəza hüququnun əsas prinsipləri” fəslində təfsilatla izah edilib. Oradan oxumağınız mümkündür.

Ancaq indi sualınıza qısa bir cavab olaraq Quranın Bəqərə surəsindən və peyğəmbərimizin (s. a. v.) hədislərindən bir misal vermək istəyirəm.

Belə ki, Allah Təala Bəqərə surəsinin 194-cü ayəsində belə buyurur:

“Haram ay haram aya görədir. Haram olanları (pozmağın) (cəzası) qisas almaqdır. Kim sizin sərhədlərinizi keçsə (təcavüz etsə) siz də ona qarşı onun sərhədini keçin (təcavüz edin). Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir.

Tutalım ki, Yunanıstan bizim, yəni, Türkiyənin sərhədlərini keçdi. Yəni, bizim ərazilərimizə təcavüz etdi. Biz də onu geri püskürtdük və axırıncı rayonumuz olan Ədirnə ərazisinə qədər qovduq. Bu zaman biz təcavüz etmiş oluruq? Xeyr! Elə isə bir bu qədər də bizim almağa ixtiyarımiz var. Beləcə, haqsızlığın cəzası verilir.

Bu məsələni Muhəmməd peyğəmbər (s. a. v.) açıq-aydın qaydada izah edib. Məsələn, o deyir ki, bir nəfərin dəvəsi itib. Əgər həmin dəvəni başqa bir adam tapıb mənimsəsə (öz malı kimi qəbul edib götürsə), tutulduğu vaxt həm o dəvəni geri qaytarmalıdır, həm də başqa bir dəvə verməlidir. Çünki o, özünün olmayan bir malı mənimsəyib. Əslində o dəvə tapdığını xəbər verməli, tapdığı dəvənin cinsiyyət, rəng və sairə kimi xüsusiyyətlərini camaata (qonum-qonşu, dost-tanış və əlindən gəldiyi qədər o həndəvərdə yaşayanlara) bildirməlidir. Amma o, bunu etmək əvəzinə dəvəni özünün imiş kimi mənimsəyir. Bu isə oğurluqdur. Bu şəxs həm həmin dəvəni, həm də başqa bir dəvə verməklə cəzasını çəkməlidir.

Nəticə etibarilə yuxarıdakı ayə və hədisin arasında müvafiqlik var. Qurani-Kərimdə bütün cəza prinsipləri belədir.

Yeri gəlmişkən, qeyd edim ki, biz bu məsələlərlə əlaqədar yazılan elmi işlərə də rəhbərlik edirik. İnşallah başa çatdığı zaman cinayətlər və cəzalarla bağlı müsbət nəticələr əldə olunacağına ümid edirik.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.