Sual: Yəqin siz də bilirsiniz ki, belə bir hədis var: “Bir müsəlman zina edirsə, imansız edir. Yəni, həmin vaxt imanı ondan alınır”. Deyilənə görə İmam Ə’zəm Əbu Hənifə bu hədisi Qurana zidd olduğuna görə qəbul etmirmiş. Bu düzdür?
Cavab: Bəli, düzdür. Əbu Hənifə ona nisbət edilən əl-Alim və-l-Mütəallim adlı əsərində Tirmizi və Əbu Davudun hədis külliyatlarında qeyd olunan bu hədisi: “Bu hədis Quranla ziddiyyət təşkil edir”, – deyə, qəbul etmir. Həmin əsərin müvafiq hissəsi aşağıdakı kimidir:
Tələbə (Əbu Muqatil) Əbu Hənifədən soruşur:
– Müəllim, siz bu hədisi necə qiymətləndirirsiniz? Hədis belədir:
“Mömin zina etdiyi vaxt köynəyi əynindən çıxardıldığı kimi, imanı da çıxardılır. Sonra tövbə edəndə iman ona qaytarılır”. (Əbu Davud, Sünnə, 15; Tirmizi, İman, 11)
Əgər bunu təsdiq edirsinizsə, deməli, Xaricilərin ((Xaricilər belə hesab edirlər ki, əməl imanın bir hissəsidir, yəni, əməl imandan bir cüzdür. Onlar böyük günah edən insanın kafir olduğunu irəli sürürlər.)) prinsiplərini qəbul edirsiniz. Yox, əgər onların fikirləri barədə şübhəniz varsa, deməli, Xaricilərin prinsipləri məsələsində də şübhəyə düşür və dediyiniz haqdan (düzgün söz) geri çəkilirsiniz. Əgər hədisi rəvayət edənlərin sözünü təkzib etsəniz, onda onlar da sizi həzrəti peyğəmbərin sözünü inkar etməklə təqsirləndirərlər. Çünki onlar bu hədisi gedib həzrəti peyğəmbərə çatana qədər mötəbər şəxslərdən nəql ediblər. Bütün bunlar barədə fikriniz nədir?
Alim (Əbu Hənifə) bu suala belə cavab verir:
– Təkzib etmək ancaq: “Mən həzrəti peyğəmbərin sözünü inkar edirəm”, – deyənin yalanıdır. Lakin bir nəfər: “Mən həzrəti peyğəmbərin dediyi hər şeyə inanıram, ancaq o pislik edilməsini deməyib, Qurana da müxalif olmayıb”, – desə, bu söz o şəxsin həzrəti peyğəmbəri, eləcə də Qurani-Kərimi təsdiq etməyi və Allahın elçisinin Qurana müxalif olmaqdan uzaq olduğunu bildirməsi deməkdir. Əgər həzrəti peyğəmbər Qurana müxalif olsaydı və Allah haqqında düz olmayan şeyləri özündən uydursaydı, Allah Təala onun qüc-qüvvəsini əlindən alar və onun şah damarını qopardardı. Həqiqətən də, Quranda bu məsələ barədə belə deyilir:
“Əgər peyğəmbər Bizim demədiklərimizi Bizə qarşı özündən uydursaydı, əlbəttə, onu qüvvətli bir şəkildə tutar, sonra da qəlb damarını qopardardıq. Sizdən heç kəs də buna mane ola bilməzdi”. (Haqqa, 69/45-47)
Elə isə Allahın peyğəmbəri Allahın kitabına müxalif olmaz, Allahın kitabına müxalif olan kəs də Allahın peyğəmbəri ola bilməz! Onların rəvayət etdikləri bu xəbər Qurana ziddir. Çünki Allah Quranda: “Zina edən qadın və kişi” (Nur, 24/2) ayəsində zina edən kişi və zina edən qadında iman xüsusiyyətinin olmadığını bildirməyib. Eynilə bunun kimi, “Sizdən həyasızlığa düşənlərin hər ikisini də” (Nisa, 4/16) ayəsində Allah “sizdən” ifadəsi ilə yəhudi və xristianları deyil, müsəlmanları nəzərdə tutub.
Deməli, Qurani-Kərimə zidd olaraq həzrəti peyğəmbərdən hədis nəql edən hər hansı bir şəxsi rədd etmək, həzrəti peyğəmbərin özünü rədd etmək və ya təkzib etmək demək deyil. Əksinə, onun adından batil bir şey nəql edəni rədd etmək deməkdir. Mənim ittihamım həzrəti peyğəmbərlə deyil, bu hədisi rəvayət edənlərlə əlaqədardır. Həzrəti peyğəmbərin dediyini eşitdiyimiz, yaxud da eşitmədiyimiz hər bir şeyin bizim başımızın-gözümüzün üstündə yeri var. Biz onların hamısına iman gətirdik, onların həzrəti peyğəmbərin dediyi kimi olduğuna şahidlik edirik. Yenə şahidlik edirik ki, peyğəmbər Allahın qadağan etdiyi bir şeyi əmr etməyib və Allahın bəndələrinə təbliğ etməyi buyurduğu bir şeyə də mane olmayıb. Peyğəmbər heç bir şeyi Allahın təsvir etdiyindən başqa cür təsvir etməz. Yenə şəhadət veririk ki, peyğəmbərimiz bütün məsələlərdə Allahın əmrinə müvafiq hərəkət etmiş, heç bir bidətə yol verməmişdir. Allahın demədiyi heç bir şeyi Allaha nisbət etməmişdir. Elə buna görədir ki, Allah Təala: “Kim peyğəmbərə itaət etsə, Allaha itaət etmiş olar”, – deyə, buyurur (Nisa, 4/80).
MƏNBƏ: İmami Ə’zəmin beş əsəri, Türk dilinə tərcümə edən Mustafa Öz, 2-ci nəşr, İFAV nəşriyyatı, İstanbul, 1992, “əl-Alim və’l-Mütəallim”, s. 24-25.
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.