Müsəlmanlar

İş yerində Cümə namazı qılmaq olar?

Sual: Bizim iş yerimizdə 120 nəfər işçi var. Müdiriyyətdən bizi Cümə namazı üçün bayıra buraxmaq istəmirlər. İstəyirlər ki, elə burda cəm halda qılaq. Bu dini cəhətdən düzgündürmü? Cümə namazını iş yerində qılmaq olar?

Cavab: Peyğəmbərimizin (s. a. v.) dövründə sadəcə olaraq peyğəmbər məscidində Cümə namazı qılınırdı. Quranda Cümə namazı ilə əlaqədar olaraq belə deyilir:

“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldıqda dərhal Allahı yad (zikr) etməyə tələsin və al-veri (ticarət) saxlayın! Bilsəniz, bu sizin üçün daha xeyirlidir. Namaz qurtardıqda dərhal yer üzünə dağılışın və Allahın lütfündən istəyin. Allahı çox zikr edin ki, bəlkə, umduğunuza qovuşasınız (nicat tapasınız)”. (Cümə, 62/9-10)

Ayədə deyilir ki, namaza çağırıldıqda dərhal Allahı yad (zikr) etməyə tələsin. Deməli, bu çağırış başqa bir yerdən olur. Yəni, insanlar namaza ümumi bir yerdən çağırılırlar. Elə bir yerdən ki, hamı namaz üçün ora gedə və qaçışa bilsin. Hamının üzünə açıq olsun.

Tutalım ki, sizin iş yerinizdə (fabrik, zavod və sairə) Cümə namazı qılınacaq. Oranın əməkdaşları namaza durduqları vaxt kənardan (orada işləməyən) bir nəfər gəlsə, qarovulçu çox güman ki, belə deyəcək: “Bağışlayın, kənar şəxslərə giriş qadağandır”.

Elə isə belə bir yerdə Cümə namazı qılmaq mümkün deyil. Cümə namazının qılındığı yer hamının üzünə açıq olan və əzan oxunub namazın elan edildiyi bir yer olmalıdır.

Sualınızla əlaqədar olaraq aşağıdakı yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/cume-namazi-fitvalar

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.