Sual: Yoldaşım istəyir ki, qızımızın adını Sühəda qoysun. Mən eşitmişəm ki, həzrəti Musanın anasının adı Sühəda imiş. Təbii ki, bunun nə dərəcədə düz olduğunu bilmirəm. Ona görə də uşağa bu adı qoymaq istəmirəm. Xahiş edirəm, bu barədə mənə məlumat verin.
Cavab: Süəda sözü məsud, xoşbəxt və bəxtəvər mənalarını bildirir. Ancaq biz apardığımız tədqiqatlara baxmayaraq Musa peyğəmbərin (ə. s.) anasının adı barədə bir məlumata rast gələ bilmədik. Başqa sözlə, onun adının Sühəda, yaxud Süəda olub olmadığını bilmirik.
Əlavə olaraq, Quranda Musa peyğəmbərin (ə. s.) anasının adı çəkilmir. Tövratda isə deyilir ki, onun adı Yokebed (Yoheved, Yohəvəd) olub. ((Baxın: Tövrat, Çıxış, 6:20.))
Bəzi müsəlman mənbələrində isə qeyd edilir ki, Musa peyğəmbərin (ə. s.) anasının adı Ayariha, Eyarihat, Luha, Yuha, Yuhabez, Yuhaned, Yuhanez, Baduna olub. ((Baxın: Qurtubi və Bəğavi kimi alimlərin təfsirləri: Qəsəs surəsinin 28-ci ayəsinə verilən təfsir.)) Lakin unutmamaq lazımdır ki, bu məlumatlar da israiliyyatdan irəli gəlir.
Nəticə olaraq deyə bilərik ki, qız uşaqlarına Süəda/Suəda adını qoymağın bir eybi yoxdur.
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.