Müsəlmanlar

Atamgil məni pulsuzluğa görə evləndirmirlər. Mən nə edim?

Sual: Mənim 25 yaşım var. Bir qızı sevirəm. O da məni sevir. İstəyirik ki, evlənək. Ancaq mənim ailəm buna razı olmur. Bu barədə söhbət düşən kimi bəhanə tapırlar. Bir az da maddi çətinlikdən qorxurlar. Mən bu halda nə etməliyəm?

Cavab: Allah Quranda belə buyurur:

“Qaynayıb qarışmağınız üçün sizə öz cinsinizdən yoldaşlar yaradıb aranızda məhəbbət və mərhəmət salmağı da Onun varlığının dəlillərindəndir. Həqiqətən, bunda yaxşı-yaxşı düşünən bir qövm üçün ibrətlər var”. (Rum, 30/21)

“Aranızda olan subayları və əməlisaleh kölə və cariyələrinizi (kəniz) evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah onları öz lütfü və kərəmi ilə varlı edər. Allah (lütfü ilə) genişdir, biləndir”. (Nur, 24/32)

Yuxarıdakı ayədən də başa düşülür ki, cavanları evləndirmək əmri onların valideyninə verilib. Sizi evləndirməli olanlar da ailənizdir. Deməli, onların hazırkı maddi vəziyyətini tamamilə bir kənara qoya bilməzsiniz. Ancaq öz vəziyyətinizi onlara yaxşıca izah edin. Maddi çətinliklərin evlənməyin qarşısında maneə olmadığını, olmamalı olduğunu valideyninizə bir daha xatırladın. Axı bu Allahın sözüdür! Allah deyir ki, əgər onlar kasıbdırlarsa, Allah onları öz lütfü və kərəmi ilə varlı edər.

Tez bir vaxtda qızı ailəsindən istəyin. Toy hazırlıqlarına başlayın. Toyunuza qədər də özünüzü saxlayın, günaha batmayın.

Muhəmməd peyğəmbər (s. a. v.) bu məsələ ilə əlaqədar olaraq belə demişdir:

“Cavanlar! Kimin maddi imkanı varsa, dərhal evlənsin. Kim də maddi imkanı yoxdursa, (müstəhəb) oruc tutsun. Çünki oruc onun üçün şəhvətin qarşısını alır”. ((Buxari, Nikah, 3; Müslim, Nikah, 1.))

Siz də Allahın və peyğəmbərinin buyuruqlarını yerinə yetirsəniz, Allah da sizin işlərinizi asanlaşdırar.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.