Sual: Quranda tez-tez deyilir ki, mal-mülkünüzdən infaq edin. Bu nə deməkdir? Əgər infaq Allah yolunda nəsə xərcləməkdirsə, bunun hikməti nədən ibarətdir?
Cavab: İnsan təbiəti baxımından xəsisdir. Yəqin elə buna görədir ki, Quranda mal-dövlət yığmaqla əlaqədar bir əmr yoxdur; bütün əmrlər Allah yolunda xərcləməklə (infaq) əlaqədardır.
Yeri gəlmişkən, Ərəb dilində tunelə “nəfəq” deyilir (النفق). İnfaq isə bir şeyi tuneldən keçirmək nənasını verir. İnsanın damarları da tunel kimidir. Qan damarların vasitəsilə bütün bədəndə dövr edir. Eynilə bunun kimi, gəlir və var-dövlət də infaq yolu ilə hər yeri gəzib dolaşır. İnfaq xərcləmək deməkdir. Allahın razılığını qazanmaq üçün kasıb təbəqəyə əvəzsiz sərf olunan xərclərdir. Buna görə də bunların təsiri böyük olur. Allah Təala buna belə bir misal verir:
“Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd toxum vardır. Allah istədiyinə qat-qat verir. Allah [lütf və kərəmi ilə] genişdir, hər şeyi biləndir!” (Bəqərə, 2/261)
Yuxarıdakı ayə Allah yolunda xərcləməyin qatbaqat təsiri olduğunu göstərir. Bunu belə də izah etmək olar: Kasıb aldığı pulu o dəqiqə xərcləyir. Misal üçün, mağazaya olan borcunu verir. Dükkançı da həmin pulu ona mal gətirən adama verir. O adam da öz işçisinə. O da öz ehtiyaclarını ödəmək üçün o pulu xərcləyir… Beləcə, zəncir uzandıqca uzanır. Allah yolunda verilən 1 manat bir müddətdən sonra 700 manatlıq və hətta daha böyük işə yarayır. Bu pul iqtisadiyyatda öz miqyasında təzə bir canlılığa səbəb olur. Bu canlılğın xeyri infaq edən insana qədər gedib çatır. O köməyi edən, yəni, Allah yolunda infaq edən də bu kimi müsbət şeylərə səbəb olduğuna görə savab qazanır.
Xəsislik pis bir şeydir. İnsan nə qədər varlı-hallı olursa, olsun, mal-dövlətinin ancaq az bir hissəsindən istifadə edib xərcləyir. Başqaları tərəfindən istehlak edilmək üçün verilməyən mal zay olur. Ağıl işlədən insan başa düşür ki, xəsislik həqiqətən də, pis bir şeydir. Həm də xərclənməyən pulun heç kimə xeyri yoxdur. Pul elə bir şeydir ki, tədavüldəki malların dövr etməsini tənzimləyir, xidmət sektorunda da həlledici rol oynayır. Ona görə də pul iqtisadiyyatın əsas sütunudur. Ehtiyacları onun vasitəsilə ödəmək mümkün olur. Qısa desək, pul bədəndəki qan kimidir, həmişə dövr etməli, tədavüldə olmalıdır. Kasıblara sərf olunan pul kapilyar damarların bədənə qan vurmağı kimidir. Əgər bu olmasa, bir ölkə iflic vəziyyətinə düşər; ki, son illərin iqtisadi böhranı da buna bir misaldır.
Allah Təala belə buyurur:
“Həqiqətən, var-dövlətiniz və övladlarınız ancaq bir sınaqdır. Böyük mükafat isə Allah yanındadır.
Nə qədər bacarırsınızsa Allahdan qorxun. (Peyğəmbərə) qulaq asıb itaət edin və (malınızdan) öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar nicat tapanlardır.
Əgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir.” (Təğabun, 64/15-16-17)
“Mallarını Allah yolunda sərf edənlər, etdikləri yaxşılığı sonradan başa qaxmayan və [heç kimi] incitməyənlər… Onların Rəbbi yanında mükafatları vardır. Onların üstlərində heç bir qorxu olmaz və qəm-qüssə yeməzlər.
Bir şirin dil [xoş söz] və bağışlamaq əziyyətlə nəticələnən köməkdən [əziyyətlə verilən sədəqədən] yaxşıdır. Allah zəngindir [heç bir şeyə ehtiyacı yoxdur], tələsməz!
Ey iman gətirənlər! Etdiyiniz köməkləri başa qaxaraq və minnət qoyaraq dəyərsiz hala gətirməyin! Malını riyakarlıqla [özünü xalqa göstərib, gözə soxmaq üçün] sərf edən, lakin Allaha və axirətə inanmayan şəxs kimi olmayın! Onun halı, üstündə bir az torpaq olan qayaya bənzər; şiddətli bir yağış yağar, o torpağı yuyub aparar və həmin qayanı çılpaq hala salar. Onlar istədikləri bir şeyi belə, qazana bilməzlər. Şübhəsiz ki, Allah kafirlərə hidayət verməz [onları haqq yola yönəltməz]!
Mallarını Allahın razılığını qazanmaq və öz nəfslərini sabit etmək üçün sərf edənlərin halı, bir təpənin üstündə qurulmuş bağa bənzər; ora bol yağış yağsa, ikiqat məhsul verər. Əgər bol yağış yağmasa, bir çiskin ona kifayət edər. Allah sizin etdiyiniz hər şeyi görür!
Bu sizin hansınızın xoşuna gələr?! İçərisində xurması və üzümü olan bir bağı var, o bağın içindən sular axır, orada hər cür meyvə də var, lakin ona qocalıq üz verib və uşaqları da gücsüz haldadırlar. Sonra o bağı güclü bir qasırğa vurur və bağ yanıb tələf olur… Bax belə! Allah o əlamətləri sizə açıq-aydın göstərir ki, bəlkə siz, düşünüb-daşınasınız.
Ey iman gətirənlər! Qazandıqlarınızın və sizin üçün torpaqdan yetişdirdiklərimizin yaxşılarından xeyirxah işlərə sərf edin! Yaramaz [pis] şeylərdən vermək fikrinə düşməyin! Siz özünüz olsanız, onu almazsınız. Buna göz yummağınız istisnadır. Bilin ki, Allah zəngindir, nə etsə, ən gözəlini edər!
Şeytan sizi yoxsulluqla qorxudar, sizdən çirkin şeylər istəyər [sizi pis işlərə sövq edər]. Allah isə sizə bağışlanmaq və bərəkət və’dəsi verər. Allah [lütf və kərəmi ilə] genişdir, hər şeyi biləndir!” (Bəqərə, 2/262-268)
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.