QÜTBLƏRDƏ NAMAZ VAXTLARINA ELMİ SÜBUT
Süleymaniyyə fondu din və fitrət tədqiqatları mərkəzi tərəfindən şimal qütbü bölgələrində gündəlik namazların (5 vaxt) şərtlərinin araşdırılması və öz yerində müəyyənləşdirilməsi məqsədilə qütb dairəsinin daxilində yerləşən Norveçin Tromso şəhərinə bir heyət ezam edildi. Bu heyətdə fondun prezidenti professor Abdulaziz Bayındır, dosent Servet Bayındır və bir neçə nəfərdən ibarət texniki bir heyət də iştirak edirdi. İstanbul Universitetinin Astronomiya və Kosmos Tədqiqatları kafedrasinin müəllimi professor Adnan Ökten isə aparılan tədqiqatlarda elmi məsləhətçi kimi çıxış etdi. Həmin ərazidə iki gün ərzində lazımi müşahidələri aparan heyət elmi məlumatlara əsasən namaz vaxtlarının hesablanmasını da həyata keçirdi və bu bölgələrdə 5 vaxt namazın qılınmasının mümkünlüyünü sübut etdi. Bütün müşahidə və araşdırmalar videokameralar vasitəsilə qeyd edildi.
Tromso şəhərində aparılan elmi tədqiqatların nəticələri fond tərəfindən keçirilən mətbuat konfransında kütləvi informasiya vasitələri və ictimaiyyətə elan edildi. Mətbuat konfransında professor Abdulaziz Bayındır, dosent Servet Bayındır və professor Adnan Ökten də iştirak edirdilər.
Qütb bölgələrində namaz vaxtları məsələsinin uzun müddətdən bəri (xüsusilə internet şəbəkəsində) mübahisə doğuran bir məsələ olduğunu qeyd edən Abdulaziz Bayındır günəşin doğmadığı və dünyanın insanların yaşadıqları ən şimalda yerləşən ərazilərindən biri olan Tromso şəhərinə bir heyət kimi getdiklərini bildirdi. O, günəşin doğmadığı vaxtlarda namaz vaxtlarının nə cür olacağına dair müşahidə aparmağa getdiklərini ifadə etdi. Abdulaziz Bayındır sözlərinə davam edərək belə dedi:
“Gündəlik 5 vaxt namaz Türkiyədə necə müəyyənləşdirilirsə, orada da eyni şərtlərə əsasən müəyyən edilir. Arada kiçik bir fərq var: O da bundan ibarətdir ki, səhər vaxtı günəşin doğuşu, axşam da batmağı müşahidə olunmur.”
ƏLDƏ OLUNAN NƏTİCƏLƏR QURAN AYƏLƏRİNƏ UYĞUN GƏLİR
Dərin vadi və qobularda da buna oxşar bir halda günün çıxması və batmasının müşahidə olunmadığını deyən Bayındır: “Bu kimi yerlərdə şərq tərəfdə günəşin doğub doğmadığını müəyyən etmək üçün qərb tərəfdə aydınlığın başlanması əsas götürülür. Əgər qərb tərəfdə aydınlıq müşahidə olunursa, bu o deməkdir ki, “gün çıxıb”. Biz bu meyarları Tromso şəhərində gördük. Orada günəşin görülməməyi eynilə Türkiyə və ya başqa bir yerdə günəşin dağların arxasında gözdən itməsi kimi bir şeydir”, – dedi.
Abdulaziz Bayındır sonra apardıqları müşahidələri Qurandakı ayələrdən misallar verməklə izah etdi. Əlavə olaraq dedi ki, biz ilk dəfə həm astronomiya, həm dini məsələlərdə, həm də texniki sahədə ixtisaslaşmış bir heyətlə Tromsoya getdik və bu müşahidələri həyata keçirdik. Bütün bunların ən mühüm cəhəti odur ki, müşahidələrin nəticələri Quran ayələri ilə üst-üstə düşür.
Abdulaziz Bayındır öz çıxışını belə bitirdi:
“Tromsoda bir hissəsi yerli xalqdan olmaqla təqribən 800 müsəlman yaşayır. Onlardan nəyə əsasən namaz qıldıqlarını soruşduq. Cavab olaraq dedilər ki, burada namaz vaxtları yaranmır. Biz Məkkə şəhərinin namaz vaxtlarına əsasən namaz qılırıq. Biz də elə oradaca bir iclas keçirdik və bildirdik ki, Tromsoda da namaz vaxtları olur. Bunu eşidənlər çox təəccübləndilər.”
Mətbuat konfransında professor Adnan Ökten də çıxış etdi:
“Biz bu məsələləri xeyli araşdırdıqdan sonra məhz Tromso şəhərini seçdik. Bu tədqiqatları həm dini, həm də astronomik cəhətlərdən qiymətləndirmək olar. Onu deyim ki, bu məsələnin dini əsasları Süleymaniyyə fondunun səlahiyyətli şəxsləri tərəfindən müəyyən edildi. Mən isə həmin meyarların astronomik baxımdan meydana gəlib gəlmədiyini yoxladım. Biz bu məsələdə bir astronom kimi günəşin harada olduğunu müəyyən edib gələcəkdə hazırlanması planlanan bir təqvimi buna oxşar bir çox müşahidəyə əsasən hazırlaya bilərik. Yəni, bu meyarları hər yerdə tətbiq etmək mümkündür.”
TÜRKİYƏDƏ DİNİ İŞLƏR ÜZRƏ İDARƏ BU MƏSƏLƏDƏ SƏHVƏ YOL VERİR
Mətbuat konfransındakı çıxışlardan sonra professor Abdulaziz Bayındır mətbuat nümayəndələrinin suallarına cavab verdi. Jurnalistlərdən biri Türkiyədəki dini işlər idarəsinin Norveçin Tromso şəhəri üçün namaz vaxtlarını necə hesabladığını soruşdu. Bayındır bildirdi ki, qütb bölgələrindəki namaz vaxtları ilə əlaqədar olaraq indiyə qədər bir müqayisə aparılmayıb və dini məsələlər idarəsinin tətbiq etdiyi ölçülər səhvdir. Sonra o, sözlərinə belə davam etdi:
“Biz bu müşahidələrimizi bir müddət də davam etdirəcəyik. Təqvim ancaq bu müşahidələr başa çatdıqdan sonra hazır olacaq. Şəxsən mən dini məsələlər üzrə idarənin əməkdaşları ilə birlikdə 3 il ərzində müxtəlif müşahidələr apardım. Mən elə o vaxt da onlara deyirdim ki, sizin əsas götürdüyünüz meyarlar düzgün deyil. Təkcə din işləri idarəsi deyil, bütün təşkilatlar həmin səhv ölçülərə əsasən hərəkət edirlər. Biz dəqiq surətdə: “Filan qədər vaxt səhvdir, bu qədər səhvə yol verilib”, – deyə bilmək üçün gərək öz müşahidələrimizi başa vuraq. Ancaq bundan sonra qəti bir söz söyləmək mümkün olacaq.
MƏNBƏ: “Cihan” xəbər agentliyi
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.