Sual: Quranda Hicr adlı bir xalqdan danışılır. Bu adda bir surə də var. Maraqlıdır, bu xalq hansı peyğəmbərin qövmüdür?
Cavab: Quranda deyildiyinə görə əshabi-hicr dağları deşib özləri üçün mağara kimi möhkəm evlər tikir və orada yaşayırdılar. Onlar Allahın ayələrindən üz döndərib peyğəmbərləri inkar edirdilər. Bir səhər vaxtı tükürpərdici bir səslə gələn fəlakətə məruz qaldılar. Bu, onlara verilən bir cəza idi. Tikdikləri və əldə edib qazandıqları şeylərin onlara heç bir xeyri olmadı (Hicr, 15/80-84).
Hicr əshabının, yəni, o xalqın Quranda deyilən xüsusiyyətlərinə nəzər saldıqda məlum olur ki, bu, Səmud qövmüdür. Çünki Quranda ilahi ayələrdən üz döndərmək və onlara göndərilən peyğəmbərləri inkar etmək iman etməyən qövmlərin müştərək xüsusiyyəti kimi təqdim olunur. Bundan başqa, Quranda tükürpərdici bir səslə qorxudulmaq məsələsi Lut (Hicr 15/73; Sad 38/13-14), Şuayb (Hud 11/94; Sad 38/13-14) və Saleh (Hud 11/67; Qəmər 54/31) peyğəmbərlərin qövmləri barədə qeyd olunur. Dağdakı daş və qayaları ovub ev tikmək isə ancaq Saleh peyğəmbərin qövmü olan Səmud qövmü (Əraf 7/74; Şuara 26/141-159) haqqındadır.
Bunu nəzərə alan müfəssirlər belə qəbul edirlər ki, Hicr surəsində haqqında danışılan əshabi-hicr Saleh peyğəmbərin göndərildiyi Səmud qövmüdür. ((Ətraflı məlumat üçün baxın: Ömer Faruk Harman, Türkiye Diyanet Vakfı İslam Ensiklopediyası, “Hicr” bəndi (Türk dilində), 17-ci cild, s. 454-455.))
Yeri gəlmişkən, Saleh peyğəmbər və qövmü haqqında buradan oxuya bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/308.html
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.