Sual: Qüsldə ağıza su vermək, eləcə də burnun içini yumaq mütləq lazımdır? Əgər bunu etməsək, qüsl tamam olmur? İslam alimləri bu barədə nə deyirlər?
Cavab: Qüsl Quranın müvafiq ayəsində (Maidə, 6) qeyd edildiyi kimi, yaxşı-yaxşı təmizlənmək, yəni, bütün bədənin yuyulması deməkdir. Bu məsələdə bütün İslam alimləri həmfikirdirlər. Məzhəblərin arasında bu barədə bir fikir ayrılığı yoxdur.
Ancaq ağız və burunun yuyulması məsələsi bir qədər mübahisə doğurub. Daha doğrusu, bəzi məzhəblər bu barədə müxtəlif fikirlər səsləndiriblər. Belə ki, Hənəfi və Hənbəli məzhəbində ağız və burunun içərisi qüsldə bədənin xarici hissəsindən hesab olunur. Bu məzhəbləri təmsil edən alimlər buna əsaslanaraq bildirirlər ki, qüslün 3 vacibi var:
1) Ağıza su alıb çalxalamaq (məzməzə);
2) Buruna su vermək (istinşaq);
3) Bütün bədəni yumaq.
Cəfəri, Maliki və Şafi məzhəblərinə gəldikdə isə onlar bunu (qüsldə ağız və burunu yumaq) müstəhəb hesab edirlər.
Bizim fikrimizcə də qüsl etdikdə ağıza su alıb yaxalamaq və buruna su çəkib təmizləmək münasibdir. Lakin bu vacib bir əməl deyil. Başqa sözlə desək, qüslün mütləq bir şərti deyil.
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.