Sual: Kişi müəllimlər və din xadimləri bir söhbət, iclas və ya yığıncaqda qadınlara dəstəmaz, qüsl, aybaşı və təmizlik kimi məsələlər haqqında danışa bilərlər? Buna dində icazə verilir?
Cavab: Bəli, dində buna icazə var. Əshabələrin xanımlarına təmizlik, cinsi həyat, qadınlara məxsus hallar və bu kimi məsələlərin hamısını məhz Muhəmməd peyğəmbər (s. a. v.) izah edirdi. Peyğəmbər vəfat etdikdən sonra bu işi onun xanımlarından biri olan Aişə öz öhdəsinə götürdü. Bu vaxt kişilər də onun yanına gəlir, dəstəmaz, qüsl və cinsi həyatla əlaqədar suallarını soruşur və cavablarını alırdılar. Bu məsələdə cavab verənin cinsiyyəti vacib deyil; əsas odur ki, suallara cavab verən və məsələləri izah edən şəxs bu məsələləri bilsin, yəni, buna bir növ həm elmi, həm də qabiliyyəti olsun. Əgər insan bu sahədə həqiqətən də, mütəxəssisdirsə, cinsiyyətin əhəmiyyəti yoxdur. Kişilər qadınlara, qadınlar da kişilərə dərs verə bilərlər.
Qısa desək, elmin cinsiyyəti yoxdur. Ona görə də bu kimi məsələlərdə utanmaq lazım deyil. Aşağıdakı hədis buna misal təşkil edir:
Aişədən (r. a.) nəql olunduğuna görə Ənəs ibn Malikin anası Ümmü Süleym əl-Ənsariyyə peyğəmbərin yanına gəlib soruşdu:
“Ey peyğəmbər, şübhəsiz ki, Allah Təala həqiqətin soruşulması məsələsində utanmağı əmr etmir. Qadın yuxuda kişinin gördüyünü görübsə, qüsl etməlidir, yoxsa yox? Mənə bu barədə bir söz deyərsinizmi?”
Peyğəmbər cavab verdi ki, bəli, əgər suyu görsə, yuyunsun.
Mən dərhal üzümü Ümmü Süleymə tutub: “Eh, heç qadın ona görər?”, – dedim. Bunun üstündən peyğəmbər belə dedi:
“Allah sənin xeyrini versin ey Aişə! Bəs uşağı qadına niyə oxşayır?” ((Müslim, Heyz, 31 (312); Əbu Davud, Təharət, 96.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.