Müsəlmanlar

Ayaqqabılı namaz qılmaq olar?

Sual: Muhəmməd peyğəmbər (s. a. v.) ayaqqabı ilə namaz qılıb?

Cavab: Peyğəmbər (s. a. v.) ayaqqabılı namaz qılıb. Onun dövründə Məscidi-nəbinin (peyğəmbər məscidi) döşəməsində indiki kimi xalça-palaz yox idi. Yer daş və torpaq idi. Ona görə torpağın üstündə namaz qılındığı vaxt ayaqqabıları soyunmaq lazım deyil. Yaxşı olar ki, yerin təmiz olub olmadığına baxılsın və əgər namaz qılmağa mane olan natəmiz bir şey varsa, təmizlənsin. Bu halda ayaqqabılı namaz qılmaq olar. Aşağıdakı hədislər də bunun mümkünlüyünü bildirir:

Rəvayət olunur ki, Əbu Məsləmə (r. a.) belə deyib: “Mən Ənəs ibn Malikdən soruşdum”:

“Peyğəmbər heç ayaqqabıları ayağında ola-ola namaz qılırdı?”.

Ənəs cavab verdi:

“Bəli, qılırdı”. ((Buxari, Səlat (namaz), 24; Tirmizi, Səlat, 181.))

Bu hədisi öz külliyatına daxil edən Tirmizi: “Elm adamları bu hədisə əməl edirlər”, – deyərək bir şərh də vermişdir.

Abdulla ibn Məsud (r. a.) belə nəql edib:

“Həqiqətən də, biz peyğəmbəri ayaqqabılar və məstlərlə namaz qıldığı vaxt gördük”. ((Əbu Davud, Səlat, 88; İbn Macə, İqamətu-s-Səlati (namazın qılınması), 66.))

Əbu Səid əl-Xudri (r. a.) nəql edir: “Peyğəmbər əshabələrinə namaz qıldırdığı vaxt ayaqqabılarını çıxartdı və sol tərəfinə qoydu. Bunu görən camaat da ayaqqabılarını soyundu. Namaz qurtardıqdan sonra peyğəmbər onlardan belə soruşdu:

“Ayaqqabılarınızı niyə çıxartdınız?”

Onlar da cavabında: “Sənin çıxartdığını gördüyümüz üçün”, – dedilər. Bunun üstündən peyğımbər dedi:

“Mənə Cəbrail gəlib xəbər verdi ki, ayaqqabılarımda natəmizlik var. Siz məscidə gəldiyiniz vaxt ayaqqabılarınıza baxın. Üstündə pis bir şey varsa, silin və onlarla namaz qılın”. ((Əbu Davud, yenə orada.))

Şəddad ibn Əvs atasından (Əvs) rəvayət edir: “Peyğəmbər belə buyurdu”:

“Yəhudilərə müxalif olun. Çünki onlar ayaqqabı və məstləriylə namaz qılmırlar. Siz isə qılın”. ((Əbu Davud, yenə orada.))

Bu hədisdəki: “Siz isə qılın”, – cümləsi əmr deyil, sərbəstlik bildirir. İslam hüququ alimləri bildirirlər ki, kim istəsə, təmiz olmaq şərtilə ayaqqabılı, kim də istəsə, yalın ayaqla namaz qıla bilər. Yəni, bu məsələ insanların özlərindən asılıdır. Bunun belə olduğunu peyğəmbərin bəzən ayaqqabı ilə, bəzən də yalın ayaqla namaz qılmağından da başa düşmək olur. ((Əbu Davud, eyni yer.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.