Müsəlmanlar

Təəssüb və dini təəssübkeşlik

Sual: Müsəlman icmalarında nəzərə çarpan ən mühüm şeylərdən biri inhisarçılıq və qrup təəssübü məsələsidir. Dini icma və camaatların üzvləri öz hərəkətlərinə tabe olmağı demək olar ki, imanın əsaslarından biri hesab etməklə ifrata varıb: “İslam mənim dediyim kimidir. İslam mənim camaatımın qəbul etdiyi kimidir”, - deyirlər. “İslamı mən bilərəm və mən yaşayaram! Məndən başqa mömin yoxdur. Mənim şeyximə və rəhbərimə tabe olmayanlar xilas ola bilməzlər. Onlar Cənnətə layiq ola bilməzlər”, - kimi şeylər fikirləşirlər. Müsəlmanların arasında gərginlik və qırğınlara səbəb olan bu cür yanaşma və hərəkətləri necə qiymətləndirirsiniz?

TƏƏSSÜB və DİNİ TƏƏSSÜBKEŞLİK ((Müəllif: İlahiyyat elmləri doktoru, professor Abdulaziz Bayındır. İstanbul Universiteti İlahiyyat fakültəsi.))

Bizim hamımız Allah qarşısında məsuliyyət daşıyırıq. Bizim məsuliyyətimiz Qurani-Kərimə əsaslanır. Allah: “Bu Quran ən doğru yola aparır (İsra, 17/9)”, – buyurur. Buna görə də biz bir-birimizi Qurana əsasən yoxlamalı və təhlil etməliyik. Əgər Quranın əvəzinə şəxsləri, camaat (dini qruplar, qruplaşmalar) və təriqətləri əsas götürüb özümüz üçün belə bir yol tutsaq və insanları bunlara əsaslanaraq qiymətləndirsək, bu, Qurana zidd olar. Çünki Quranda peyğəmbərdən (s. a. v.) başqa hər hansı bir şəxsə, icma və yaxud təriqətə tabe olmaq kimi bir şey yoxdur.

Müsəlmanların mənsub olduqları haqq məzhəblər var. Bunlar Quran və Sünnəni öz şərtlərinə, bilik və bacarıqlarına əsasən izah ediblər. Bu məzhəblərin biri digərini tənqid etdiyi vaxt əsaslandığı dəlilləri və tərəf-müqabilin səhvlərini ortaya qoyub. Səhvin əslində özlərində olması ehtimalını nəzərə almaqla da aqressiv (təcavüzkar) olmayıblar. Əgər tənqid etdikləri məsələ bir ayə və yaxud səhih (mötəbər) hədisin açıq hökmünə müvafiq deyilsə, o biri tərəfin fikirlərini nəyə görə qəbul etmədiklərini səbəb göstərərək ortaya qoyublar.

Müsəlman cəmiyyətindəki şəxslər uzun dövrdən bəri Qurani-Kərim qarşısında ikiyə ayrılıblar. Bunlardan birincisi özünü necə deyərlər, Qurana uyğun hala gətirmək üçün çalışan və Qurana zidd olan şeylərdən uzaq dura bilənlərdir. Bunlar haqq yoldadırlar.

İkinci qrup isə Quranı özünə tabe etməyə cəhd göstərir. Onlar Qurana müvafiq olmayan prinsiplərini haqlı göstərmək məqsədilə Quranın bir çox mənalar daşıya bilən mütəşabih ayələrini öz istəklərinə əsasən izah edirlər. Nəticədə haqq yolda olanlar da, batil yolla gedənlər də özlərini Qurana əsasən haqlı çıxartmağa çalışıblar.

Şərtlənməmiş bir düşüncə sistemi ilə analizlər apara bilən şəxslər bəzi səhv izahlarla insanların yoldan necə çıxardıldıqlarını müəyyənləşdirə bilirlər. Məsələn, bəzi şəxslər bir təriqətin şeyxini (başçı) Allahla bəndənin arasında bir vasitə və vəsilə mövqeyinə “yerləşdirdikdən” sonra Maidə surəsinin 35-ci ayəsindəki: “Ona yaxınlaşmağa vəsilə axtarın”, – cümləsini bunun dəlili kimi göstərirlər. Halbuki, Quranın düz 62 ayəsində qeyd olunub ki, insanı Allaha yaxınlaşdıran şey imandan sonra saleh əməldir:

“Bizim qatımızda sizə yaxınlıq təmin edən nə mallarınız, nə də övladlarınızdır. Amma inanıb saleh əməllər edənlər belə deyillər. Onlar etdiklərinin qatbaqat əvəzini alacaqlar. Onlar yüksək qatlarda əmin-amanlıq içərisində olacaqlar”. (Səbə, 34/37)

Belə olan halda, Özünün bizə şah damarımızdan da yaxın olduğunu bildirən Allah Təala ilə bizim aramıza kim girə bilər?

“And olsun ki, insanı biz yaratdıq və nəfsinin ona nə pıçıldadığını (vəsvəsə etdiyini) bilirik. Biz ona şah damarından daha yaxınıq”. (Qaf, 50/16)

Peyğəmbərlər Allahdan aldıqlarını insanlara izah edən bir elçi olmaq, başqa sözlə, elçilik etməkdən başqa bir mövqeyi öhdələrinə götürməyiblər. Onlar bir elçi, bir müəllimdirlər. Bunu nəzərə almadan bir insanın Allahla bəndə arasında bir vasitə və vəsilə olduğuna inanmaq insanı şirkə aparar. Şirk isə məhz Allahla bəndə arasına bir vasitə qoymaq deməkdir. Zumər surəsində bu məsələyə xüsusi yer verilib:

“Yaxşı bil ki, saf din Allahın dinidir. Ondan başqa bəzilərini vəli (dost) tutanlar belə deyərlər: “Biz onlara ancaq onların bizi Allaha yaxınlaşdırması üçün ibadət edirik” Budur, Allah onların aralarında mübahisə etdikləri şeydə öz hökmünü verəcək. Allah yalançı və həqiqətləri gizləyən kəsləri doğru yola gətirməz”. (Zumər, 39/3)

Səhv izah və təhlillərlə öz dini icma və yaxud təriqətlərini qabağa çıxardan insanların asanlıqla: “Mənim şeyximə və ya başçıma tabe olmayanlar Cənnəti qazana bilməzlər”, – kimi bir qəflətə (böyük bir səhv) düşməkləri də mümkündür.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.