Müsəlmanlar
Müsəlman olmayanın haqqını yemək

Müsəlman olmayanın haqqını yemək

Sual: Mənim müsəlman olmayanların haqq-hüququ ilə əlaqədar bir sualım var. Bir vaxtlar mən din barədə bilmirdim. Bir dəfə müsəlman olmayan bir insanın haqqını tapdaladım. Sonra elə oldu ki, İslam dinini öyrəndim. Bəzi adamlar deyirlər ki, kafirin haqqını ödəmək olmaz, o sənin imanını alıb aparacaq. Bu nə dərəcədə düzgündür? Mən imanlı ölsəm, kafirdə haqqım var deyə, o mənim imanımı alıb cənnətə girəcək? Mən cəhənnəmə düşüb həmişəlik orda qalacam?

Cavab: Hər şeydən əvvəl bilmək lazımdır ki, hamı Allah bəndəsidir. Bu baxımdan müsəlmanlarla müsəlman olmayanların arasında heç bir fərq yoxdur. Bir müsəlman müsəlmanların haqqına rəayət etdiyi kimi, qeyri-müsəlmanların haqqına da rəayət etməlidir. Müsəlman insan bütün insanların, o cümlədən müsəlman olmayanların haqq-hüququnu heç vaxt tapdamamalıdır! Belə şeydən uzaq durmalıdır!

İndi isə sualınızın 2-ci hissəsinə gələk: Kafirlər heç vaxt cənnətə girə bilməyəcəklər. Lakin əgər siz kafir bir insanın haqqını tapdamısınızsa və bu dünyada həmin məsələni onunla həll etməmisinizsə, o öz haqqını o biri dünyada sizdən alacaq. Çünki Allah Təala hər şeyi haqq-hesaba çəkir və ədalət sahibidir. Bu onu cəhənnəmdən azad etməz amma tapdadığınız haqdan asılı olaraq sizi cəhənnəmlik edə bilər. Ancaq “imanınızı əlinizdən alacaq” deyilən bir şey yoxdur. Bundan söhbət gedə bilməz. Buna görə həmişəlik cəhənnəmdə qalmazsınız.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.