Müsəlmanlar
Qadınlardan peyğəmbər olub?

Qadınlardan peyğəmbər olub?

Sual: Heç qadın peyğəmbər olub? Əgər olmayıbsa, səbəbi nədir? Bəzi adamlarla söhbət edərkən deyirik ki, Allah Təala belə məsləhət bilib. Onlar da dərhal: “Nə oldu, çətinliyə düşən kimi belə deyirsiniz?”, - deyə, bizə öz etirazlarını bildirirlər. Qısa desək, dindən uzaq insanlar bu məsələyə dair bir izah tələb edirlər. Bu barədə nə demək mümkündür?

Cavab: Aşağıdakı Quran ayələrində açıq-aydın formada bildirilir ki, bütün peyğəmbərlər kişilərdən olub:

“Biz səndən əvvəl də, özlərinə vəhy etdiyimiz məhz kişiləri peyğəmbər göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən (əhli-zikr) so­­ruşun”. (Nəhl, 16/43)

“Biz səndən əvvəl də onlara vəhy nazil etdiyimiz ancaq kişilər göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun”. (Ənbiya, 21/7)

Yuxarıdakı ayələrdəki “əhli-zikr” ifadəsi ilə əvvəlki ilahi kitablarda ixtisaslaşmış kəslər nəzərdə tutulur. Bunun belə olduğunu onlar da bilirlər.

Biz bu məsələ barədə danışdıqda hər şeydən əvvəl yada salmalı və nəzərə almalıyıq ki, müsəlmanıq, yəni, Allaha təslim olan insanlarıq. Başqa cür desək, biz Allah nə edirsə etsin, istər səbəbini bildirsin, istərsə də bildirməsin, ona təslim olmuşuq. Bəli, hikmət və mənaları axtarmaq da səhv deyil. Lakin bəzi hallarda bu məsələdə tam arxayın olmaya da bilərik. Bu, mümkündür. Amma biz bütün hallarda bəndə olduğumuza görə Allah nə deyibsə, müqabilində: “Eşitdik və itaət etdik”, – deyirik.

Qadınlardan nə üçün peyğəmbər gəlmədiyini bilmək istəyənlər Quranda həyat mübarizələrindən danışılan peyğəmbərlərin əhvalatlarını oxumalıdırlar. Həmin çətin şəraitdə kişilərin belə, nə qədər əziyyət çəkdiklərini bilsələr, o mühitdə qadınların nə edə biləcəklərini də az-çox başa düşərlər. Yəni, peyğəmbərlik fitri baxımdan da qadınlar üçün münasib görünmür. Elə buna görə də Allah müşriklərin utandıqları üçün diri-diri basdırdıqları, lakin bunu Allaha aid etməkdən çəkinmədikləri qız uşaqları barədə belə deyir:

“Onlar zinət içində böyüdülən və mübarizə zamanı bacara bilməyən (qız uşaqlarınımı) Allaha isnad edirlər?”. (Zuxruf, 43/18)

Bu ayə qadınların ümumən bu kimi çətin mübarizədə kişilərə nisbətən daha zəif olduqlarını bildirdiyinə görə böyük əhəmiyyət kəsb edir. Ən çətin vəzifələrdən biri olan peyğəmbərliyə diqqət yetirdikdə bunun üçün niyə kişilərin seçildiyini başa düşmək olur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.