Müsəlmanlar
Reyhanə anamız hicab geyinməyib?

Reyhanə anamız hicab geyinməyib?

Sual: Deyilənə görə peyğəmbərimizin (s. a. v.) xanımlarından biri olan Reyhanə anamız hicab geyinməyib. Bu düzdür?

Cavab: Bəzi zəif rəvayətlərdə deyilir ki, Reyhanə anamız yəhudilərin Bəni Qureyza qəbiləsindən kəniz kimi alınıb və müsəlman olmayıb. Lakin əslində peyğəmbərimizin xanımlarının arasında qeyri-müsəlman olan yoxdur. Müsəlman bir xanımın üstündən müsəlman olmayan bir kənizlə kəbin kəsdirmək Quranın Nisa surəsinin 25-ci və Bəqərə surəsinin 221-ci ayələrinə əsasən haramdır.

Reyhanə anamız peyğəmbərimizin təklifi ilə müsəlmanlığı qəbul etmiş, ona ərə getmişdir. Peyğəmbərimiz isə mehr olaraq onu öz azadlığına çatdırmışdır. ((Ətraflı məlumat üçün baxın: Hayati Yılmaz, “Reyhane bint Şəmun”, Türkiye Diyanet Vakfı İslam Ensiklopediyası, 35-ci cild, s. 42.))

Əlavə olaraq qeyd edək ki, Quranın Əhzab surəsinin 59-cu ayəsinə əsasən peyğəmbərin xanımlarından heç birinin açıq olmağı mümkün deyil. O ayədə deyilir:

“Ey peyğəmbər! Xanımlarına, qızlarına və möminlərin qadınlarına de: cilbablarını üstlərinə möhkəmcə örtsünlər”.

Bu ayədə azad qadınla kəniz arasında bir ayrı-seçkilik qoyulmayıb. Yəni, əgər Reyhanə anamız azad deyil, kəniz kimi qalmış olsaydı belə, onun: “Mən azad qadınlar kimi başımı örtüb hicab geyinmək istəmirəm”, – dediyinə dair rəvayətin qəbul edilməsi qəti surətdə mümkün deyil. Başqa sözlə desək, bundan söhbət belə gedə bilməz.

Nəticə etibarilə Reyhanə anamız peyğəmbərimizin o biri xanımları kimi müsəlman olub və onlar kimi o da hicab geyinib.