Sual: Qurani-Kərimin Nisa surəsinin həzrəti İsa ilə əlaqədar olan 159-cu ayəsini necə başa düşmək lazımdır? Bu ayəni həzrəti İsanın yer kürəsinə axırıncı saatdan əvvəl təzədən gələcəyini izah etmək üçün misal göstərirlər. Elə isə bu ayədəki “o” əvəzliyi nəyi bildirir?
Cavab: İsa əleyhissəlamın təzədən gələcəyini deyənlər həmin ayədəki “o” əvəzliyini İsa peyğəmbərə aid edirlər. Ərəb dilində əvəzlik ən yaxınını ifadə edir. Uzağı bildirməyi üçün gərək arada qərinə olsun. Əvəzliyin ən yaxınında olan ifadə isə əhli-kitabdır. Əvəzliyi ona aid etdikdə məna belə olur:
“Kitab əhlindən İsaya ölmədən əvvəl inanmayacaq kəs yoxdur”.
Burada haqqında danışılan kitab əhli yəhudilərdir. Deməli, onlar ölənə qədər İsa əleyhissəlamla əlaqədar bir qənaətə gələcəklər. Yəni, hər bir yəhudi ölməmişdən qabaq ona inanacaq.
Ona inanmaqları bu inancı həyata keçirəcəklərini bildirmir, yəni, belə bir fikir irəli sürmək olmaz. Əgər Qurana baxsanız, görərsiniz ki, kafirlərin hamısı vaxt keçdikcə inanmalı olduqları şey barədə qəti bir qənaətə gəlirlər. Sonra ona əsasən rəftar etmədiklərinə görə Allahın qarşısında özlərini müdafiə etmək imkanları qalmır. Yəhudilər də bu məsələdə özlərini müdafiə edə bilməyəcəklər. Çünki ayənin davamı bunu sübuta yetirir:
“Qiyamət günü onların əleyhinə şahidlik edəcək”.
Əgər onlar İsa peyğəmbərin peyğəmbərliyinə inanmamış ölsələr, əleyhlərinə şahidlik üçün bir səbəb qalmaz. Çünki heç kəs öz gücünün çatmadığı bir şeyə görə cavabdeh deyil.
Buradakı əvəzliyi İsa peyğəmbərə aid etmək üçün qərinə olmadığını yuxarıda qeyd etmişdik. Burada eyni zamanda mühüm bir maneə də var: İsa peyğəmbər Qiyamət günündən əvvəl təzədən diriləcəksə və sonra bütün əhli-kitab ona inanacaqsa, əhli-kitabın da hamısının İsaya inanmağı üçün təzədən dirilməyi lazımdır. Çünki ayə deyir ki, ona inanmayan bircə nəfər də qalmayacaq. Əgər ancaq təzədən diriləcəyi gün yaşayanlar inanacaqsa, elə isə ondan əvvəl yaşayanlar ona inanmadan ölmüş olacaqlar. Bu da öz növbəsində əvəzliyi İsa peyğəmbərə aid etməyə mane olan mühüm bir qərinədir.