Müsəlmanlar
Qızımda depressiya var. Nə edim?

Qızımda depressiya var. Nə edim?

Sual: Mənim 17 yaşında bir qızım var. Çox güman ki, yaş dövründən asılı olaraq şəxsi həyatında baş verən xırda-para şeyləri özü üçün böyük problemə çevirir. İndi elə vəziyyətdədir ki, öz köhnə dost-tanış mühitindən uzaqlaşıb. Təzə həyatına da uyğunlaşa bilmir, bir növ köhnə həyatını arzulayır və həmişə bikef olur. Mən ona başa salmağa çalışıram ki, yan-yörəmizdə çoxlu çətinlikləri olan və bizdən də çətin vəziyyətdə yaşayan xeyli insan var. Deyirəm ki, sən fikir eləmə, öz halına şükür elə. Əslində üsyankarlıq eləmir. Ancaq həmişə ağlayır və mən onda depressiya əlamətləri müşahidə edirəm. Deyir ki, bu mənim özümdən asılı deyil. Sizcə daha pis vəziyyətlər ola-ola, xırda-para çətinliklərə görə ağlayıb-sıtqamaq günahdır? Bu hal Allaha ağır gedər?

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, biz sizin qızınızın hansı şeylərə görə fikir elədiyini bilmirik və bu məsələni təkcə dini cəhətdən qiymətləndirməyimiz mümkündür. Odur ki, sizə qənaətbəxş bir cavab verməyimiz çox da mümkün deyil. Lakin bilirik ki, cavanlıqda belə hallar baş verir. Bu problemləri onun anası olaraq siz özünüz həll edə bilərsiniz. Bu yaş dövründəki qızlarda istər fizioloji, istərsə də psixoloji dəyişikliklərin baş verməsi onları hansısa bir çətinliyə sala bilər. Bu vəziyyətdə ona ən çox kömək etməli olan şəxs məhz sizsiniz. Elə isə onunla münasib bir dillə danışın, problemlərinin nədən ibarət olduğunu öyrənməyə çalışın və izah edin ki, çətinliklərin öhdəsindən ancaq birlikdə gəlmək olar. Bu mərhələdən sonra bir problem olsa, bizimlə təzədən məsləhətləşə bilərsiniz. Əgər əlimizdən gələn bir şey olsa, imkan daxilində kömək etməyə çalışarıq.

Qızınızın ibadətlərə necə münasibət bəslədiyini bilmirik. Namaz qılır? Və Qurani-Kərimi mənasını qavrayaraq oxuyurmu? Çalışın ki, bu məsələdə bir nöqsana yol verilməsin. Əgər 5 vaxt namazını qılmır və yaxud arada səhlənkarlıq edirsə, bunu ona münasib bir üslubla başa salın. Vəziyyəti onun xətrinə dəymədən izah edin. İbadətlər və və Quran imkan verməz ki, qızınız xəyal aləmində yaşasın. Xüsusilə Quranın mənasını oxuyub öyrənməyi üçün onu başa salın. Beləcə, o tədricən şəxsiyyət kimi formalaşar və düşüncələri də müəyyən mənada dəyişər.

QEYD: Qızınızda hansısa ciddi psixi problemlərin olduğunu düşünürsünüzsə, dərhal həkimə müraciət edin. Biz əvvəl də qeyd etdiyimiz kimi, sadəcə olaraq sizin soruşduğunuz suala cavab veririk. Yəni, bu məsələnin təkcə dini tərəfini izah etməyə çalışırıq.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.