Müsəlmanlar

Təkcə Cümə günləri oruc tutmaq olar?

Sual: Ancaq Cümə günləri oruc tutmaq olar? Yoxsa 4-cü və ya 6-cı günü də buna əlavə etmək lazımdır?

Cavab: Ancaq Cümə günü oruc tutmamaq, buna 4-cü və yaxud 6-cı günü də əlavə etməklə əlaqədar səhih hədislər var. Onlardan bəziləri aşağıdakı kimidir:

Əbu Hüreyrə (r. a.) belə deyib ki, mən peyğəmbərin (s. a. v.) belə dediyinə şahid oldum:

“Sizin aranızdan bir nəfər Cümə günündən bir gün qabaq və ya bir gün sonra da oruc tutmamış təkcə Cümə günü oruc tutmasın”. ((Buxari, Savm (Oruc), 62. Əlavə olaraq baxın: Müslim, Siyam, 147; Əbu Davud, Savm, 51; Tirmizi, Savm, 42; İbn Macə, Siyam, 37; Əhməd ibn Hənbəl, 1/288; 2/422, 526.))

Cüveyriyyə binti Harisdən (r. a.) rəvayət edildiyinə əsasən Cümə günü Cüveyriyyə oruclu olduğu vaxt peyğəmbər (s. a. v.) onun yanına daxil olub: “Dünən oruc tutdun?”, – deyə soruşmuşdur. Cüveyriyyə: “Xeyr”, – demişdir. Peyğəmbər bu dəm ondan soruşub ki, bəs sabah tutacaqsan? Cüveyriyyə yenə cavab verib ki, yox, tutmayacağam. Bunun üstündən peyğəmbər belə buyurmuşdur:

“Elə isə orucunu poz”. ((Buxari, Savm, 62; Əbu Davud, Savm, 53.))

Bu hədisləri əsas götürən bəzi alimlər deyiblər ki, təkcə Cümə günü oruc tutmaq haramdır. Bir qismi isə deyib ki, bu, məkruhdur. Əbu Hənifə, İmam Malik və İmam Muhəmməd isə təkcə Cümə günü oruc tutmağın heç məkruh da olmadığını, mübah olduğunu bildiriblər. Güman ki, bu hədis onlara gedib çıxmayıb.

Bizim fikrimizcə də hədislərə əsasən hərəkət etmək, yəni, təkcə Cümə günləri deyil, buna 4-cü və ya 6-cı günü də əlavə etmək lazımdır.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.