Sual: Məni maraqlandıran bir məsələ var. Qadınlar da kişilər kimi toyuq, qoyun, keçi, dana, qaz, ördək və sairə heyvanları kəsə bilərlər? Dində buna icazə var?
Cavab: Qadınların heyvan kəsməkləri dini cəhətdən qadağan deyil. Hədis mənbələrində qeyd edilir ki, Muhəmməd peyğəmbərin (s. a. v.) dövründə heyvan kəsən kənizlər (cariyələr) olub. Həmin hədislərdən biri aşağıdakı kimidir:
Abdulla ibn Ömərin azad olunmuş köləsi Nafi, Kəb ibn Malikin bir oğlundan İbn Ömərə danışdığı vaxt bu sözləri eşitmişdir:
“Atası (Kəb) ona belə bir əhvalat danışmışdı: Mal-heyvan otaran bir kəniz bir qoyunun ölmək üzrə olduğunu görüb, dərhal bir daşı qırmış və onunla həmin qoyunu kəsmişdi. Bu vaxt atası Kəb ailə üzvlərinə demişdi ki, məsələnin məğzini peyğəmbərdən soruşub öyrənənə qədər o qoyunun ətindən yeməyin. Sonra gedib, bunu peyğəmbərdən soruşmuşdu. Peyğəmbər (s. a. v.) də onların qoyunun ətini yeməklərinə icazə vermişdi”. ((Buxari, Zəbaih, 18-19, Vəkalət, 4; Müslim, Ədahi, 19; İbn Macə, Zəbaih, 8; Əbu Davud, Ədahi, 3; Muvatta, Zəbaih, 4; Əhməd ibn Hənbəl, 2/76, 80.))
Yuxarıdakı hədisdən də məlum olduğu kimi, qadınlar da heyvan kəsə bilərlər. Başqa sözlə desək, onların kəsdikləri heyvanın ətini yemək olar. Heç bir problem yoxdur.
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.