Sual: Sabi sözünün mənası necə izah olunur? Qurani-Kərimdə sabilər haqqında nəsə bir şey deyilir? Onlar nəyə inanırlar? Hər hansı bir ilahi kitabları var? Varsa, nədir və hansı hökmləri ehtiva edir? Sabilər ibadət edirlər? Onlarda da halal-haram söhbəti var? Xahiş edirəm, bu barədə məlumat verəsiniz.
Cavab: Sabii sözü Qur’ani-Kərimdə üç ayədə qeyd olunub. Bunlardan ikisi bir-birinin təkrarı kimidir. Üçüncüsü isə müxtəlif hökmlər əhatə edir.
1. İman gətirənlər, yəhudi, xristian və sabiilər… Bunlardan kim Allaha və axirət gününə inanıb, yaxşı işlər görsə, onların mükafatı Rəbbinin yanındadır. Üstlərində heç bir qorxu olmaz və onlar qəm-qüssə yeməzlər (Bəqərə, 2/62).
2. İman gətirənlər, yəhudilər, sabiilər və xristianlar… Bunlardan kim Allaha və axirət gününə inanıb, yaxşı işlər görsə, üstlərində heç bir qorxu olmaz və onlar qəm-qüssə yeməzlər (Maidə, 5/69).
3. İman gətirənlər, yəhudilər, sabiilər, xristianlar, məcusilər [atəşpərəstlər] və müşriklər… Şübhəsiz ki, Allah Qiyamət günündə onları bir-birindən ayıracaqdır! Allah hər şeyə şahiddir (Həcc, 22/17)!
Birinci və ikinci ayələrdə insanlar iki qrupa ayrılır:
1) İman gətirənlər – mö’minlər.
2) Yəhudilər, sabiilər və xristianlar.
Bunlarla əlaqədar olaraq aşağıdakı müştərək qərar verilir:
Bunlardan kim Allaha və axirət gününə inanıb, yaxşı işlər görsə, üstlərində heç bir qorxu olmaz və onlar qəm-qüssə yeməzlər.
Üçüncü ayə isə insanları üç qrupa ayırır:
1) İman gətirənlər – mö’minlər.
2) Yəhudilər, sabiilər, xristianlar və atəşpərəstlər.
3) Allaha şərik qoşanlar – müşriklər.
Bunlarla əlaqədar olaraq fərqli bir hökm verilir:
Allah Qiyamət günündə onları bir-birindən ayıracaqdır.
İlk iki ayə sabiiləri kitab əhli ilə eyni sayır. Bu ayələr isə sabiilərə endirilmiş bir kitabın əlaməti sayıla bilər:
Sənə özündən əvvəlkiləri təsdiq edən kitabı [Qur’anı] haqq olaraq Allah endirdi. Tövrat və İncili də O nazil etdi.
Onlar əvvəllər insanlar üçün bir yol göstərici [hidayət] idi. Furqanı da O endirdi. Allahın ayələrini inkar edənlər şiddətli bir əzaba düçar olacaqlar! Allah yenilməz güc və intiqam sahibidir (Ali-İmran, 3/3-4)!
Tövrat yəhudilərə, İncil isə xristianlara endirildiyinə görə, Furqan da sabiilərə nazil edilmiş ola bilər. Buxari Əbu’l-Aliyəyə istinadən belə bir hədis rəvayət etmişdir:
Sabiilər kitab əhlindən bir zümrədir. Onlar Zəbur oxuyurlar. ((Buxari, Təyəmmüm, 6.))
Bu dəlillər sabiilərin də kitab əhli olmaları mövzusunda birləşir. Peyğəmbərimiz Həzrəti Məhəmməd üçüncü ayədə adları çəkilən məcusilərlə (atəşpərəstlərlə) əlaqədar olaraq belə buyurur:
Onlarla kitab əhlinə qarşı davrandığınız kimi rəftar edin. ((Muvatta, Zəkat, 42.))
Tədqiqatçılar sabiilərin bu gün İraqda Fərat və Dəclə çaylarının birləşdiyi ərazidə, İranın İraqa yaxın bölgələrində – Qarun çayı boyu və dağınıq bir şəkildə Bağdad və Bəsrə şəhərlərində yaşadıqlarını müəyyənləşdiriblər. Sabiilərin ümumi sayının təxminən iyirmi min olması güman edilir.
Sabiilərin özlərinin inandıqlarına görə, Sabiilik İşıq Elçisi (Cəbrail?) tərəfindən ilk insana (Adəmə) öyrədilərək nəsildən nəslə keçə-keçə bizə qədər gəlib çatmışdır; Yəhya əleyhissəlam doğruluğun peyğəmbəri və ilahi bir elçidir. O, ilahi təbliği gətirən, bə’zi ibadətləri yerinə yetirən və öyrədən bir yol göstərici, bir müəllim və bəd qüvvələri məğlub etmək məqsədilə işıq yolunu tutanlara müqəddəs mətnləri təbliğ edən bir təbliğçidir.
Sabiilərin ən mühüm müqəddəs kitabları Ginzadır. Bundan sonra Draşiad Yəhya (Yəhyanın nəsihətləri) gəlir. Digər kitabları Qolastadır. Bütün varlıqları var edən Ulu Varlıq inancı sabiiliyin əsasını təşkil edir. Sabiilərin inanclarına görə, bir işıq aləmi və bir qaranlıq aləmi vardır. Bunlar bir-birinin ayrılmaz parçası və var olmasının ilk şərtidir. İşıq aləminin başında Ulu Varlıq, yə’ni, İşıq Kralı var. O, ən üstün xüsusiyyətlərə malik olub, bütün nöqsanlardan uzaqdır. İşıq Kralının altında ona qarşı müharibə edən Qaranlıq Kralı var. Şeytanlar, divlər, bəd ruhlar, vampirlər, canavarlar, bütün erkək və dişi pis varlıqlar bu kralın əmrinə tabedir. İşıq Kralı axirətdə bunları sorğu-sual edəcəkdir. Ölüm yeni bir həyatın başlanğıcı, bədən həbsxanasından qurtulub, işıq dünyasına yüksəlməyin ilk addımıdır. Dünyada ilahi təbliğə uyğun şəkildə yaşayan və pis şeylərdən üz döndərən ruh ucalıq səfərinə başlayır. Dünyanı əhatə edən yeddi planeti ildırım sür’ətilə keçib, Abaturun tərəzisinə çatır. Orada çəkildikdən (sorğu-suala tutulduqdan) sonra yoluna davam edir və işıq aləminə yetişir. Günahkar bəd ruhlar isə dünyanı əhatə edən yeddi planetdən keçərkən Qiyamətdən sonrakı haqq-hesab gününədək etdiyi günahlar qədər əzab çəkir. ((Günay Tümər, Aburrahman Küçük, Dinlər Tarixi, 4-cü nəşr, Ankara, 2002, s. 127-143.))
Qiyamətdən sonra günahkar və pis ruhlar üçün ümumi bir haqq-hesab dövrü başlayır. Onlar hesab verdikdən sonra Suf dənizi adlanan cəhənnəmə atılırlar. Burada etdikləri günahlar qədər qalan ruhlar İşıq Elçisi Hibil Ziva tərəfindən vəftiz edilir və sırayla işıq aləminə qəbul edilirlər. ((Yenə orada.))
Sabiilər müsəlmanların dəstəmaz və qüslünə oxşayan bə’zi təmizlik işləri də görürlər. Onların bütün həyatlarını əhatə edən duaları, qoç və göyərçin kəsməklə yerinə yetirdikləri qurban ibadətləri, oruc ibadətləri, müqəddəs gün və bayramları, din xadimləri və mə’bədləri də vardır. Onların fikrincə, dua Ulu Tanrıya, onun hökmranlığı altındakı İşıq Elçisinə, işıq varlıqlarına və əcdadların ruhuna doğru istiqamətlənmişdir. Bunlardan başqa varlıqlara dua etmək qadağandır. Sabiilərin inancına görə sərxoş edici içkilər, öz-özünə ölən, yaxud başqası tərəfindən öldürülən heyvanların, dini qaydalara uyğun şəkildə kəsilməyən, eyni zamanda sabii olmayan bir şəxsin kəsdiyi heyvanın əti haramdır. ((Yenə orada.))
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.