Müsəlmanlar
Ölü yerində çörək yemək günahdır?

Ölü yerində çörək yemək günahdır?

Sual: Yas mərasimində çörək yemək olar? Dində bu barədə nə deyilir?

Cavab: İslam dinində ölü yerinə təziyə məqsədilə, yəni, başsağlığı vermək üçün gedənlərin (qonşu, tanış-biliş, qohum-əqrəba) orada çörək yeməyi deyil, özləri ilə yemək aparmaqları məsləhət görülür. Muhəmməd peyğəmbərdən (s. a. v.) Abdulla ibn Cəfər vasitəsilə belə bir hədis nəql olunur:

“Cəfərin ailə üzvlərinə xörək hazırlayın. Çünki başlarına onları məşğul edən bir iş gəlib”. ((Əbu Davud, Cənaiz, 25-26; Tirmizi, Cənaiz, 21; İbn Macə, Cənaiz, 59; Əhməd ibn Hənbəl, 6/380.))

Bu hədisə əsasən ölünün yiyələrinin başsağılığı vermək üçün gələn qonaqlara xörək hazırlamağı məkruh hesab olunur. Hətta bu barədə diqqəti cəlb edən bir rəvayət də var. Cərir ibn Abdulla Əl-Bəcəli (r. a.) demişdir:

“Biz ölünün ailəsinin yanında bir yerə yığışmağı və onların xörək hazırlamağını onun üstündə fəryad edib, ağlamağa bərabər (bir günah) hesab edirdik”. ((İbn Macə, Cənaiz, 60.))

Lakin bəzi alimlər uzaq yerlərdən gələn və ölünün evində qalmağa məcbur olan insanlara ölənin ailə üzvləri tərəfindən xörək hazırlanmağını caiz hesab edirlər. Biz də bu fikirdəyik.

Qeyd edək ki, İslam dini baxımından yas mərasimlərində təmtəraqlı süfrə açmaq, bu mərasimləri sanki toy mərasimi kimi keçirmək,  nahaq yerə borc-xərc edib, ehsan məsələsində  yarışmaq və bu kimi şeyləri adət halına gətirmək düzgün deyil.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.